Azərbaycan Respublikası Təhsil İnstitutunun tərəfdaşlığı ilə 21 aprel 2021-ci il tarixində “Azərbaycan ali təhsil müəssisələrində onlayn tədris prosesinin monitorinqi və qiymətləndirilməsi” mövzusunda TAIEX (Avropa İttifaqının texniki yardım və informasiya mübadiləsi aləti) təlimləri start götürüb. Azərbaycanın ali təhsil sistemində onlayn təhsilə töhfə vermək məqsədilə həyata keçiriləcək təlimlərdə əsas hədəf onlayn təhsilin keyfiyyətini – dərslərin təşkili, məzmunu, qiymətləndirilməsi və s. göstəriciləri artırmaqdan ibarətdir.
Təlimlərdə spiker qismində Kataloniya Universitetinin Keyfiyyət Təminatı Agentliyində Keyfiyyət Təminatı şöbəsinin müdiri Dr. Esther Huertas Hidalgo və Estoniyanın Ali və Peşə Təhsili üzrə Keyfiyyət Agentliyinin qiymətləndirmə direktoru vəzifəsində çalışan xanım Liia Lauri çıxış edirlər.
Dr. Esther Huertas Hidalgo distant təhsil haqqında çıxışında Avropa standartlarına və qaydalarına uyğun olaraq elektron təhsilin keyfiyyətinə təminat, kritik situasiyalarda distant təhsilin əhəmiyyəti, süni intellekt və robotların elektron təhsildə rolu, ömürboyu və çevik öyrənmə, rəqəmsal bilik və bacarıqların inkişafı kimi mövzular ətrafında təqdimat edib. Həmçinin, Avropa İttifaqının 2021-2027-ci illər üzrə rəqəmsal təhsil planı haqqında danışan spiker distant təhsilin əyani təhsildən fərqləri, üstünlükləri və çatışmazlıqları, Avropanın ali təhsil sahəsində distant təhsilin xarakteristikası barədə açıqlama verib. Dr. Esther Huertas Hidalgo iştirakçıların suallarını cavablandırdıqdan sonra təqdimatını sona çatdırıb.
Növbəti spiker Estoniyanın Ali və Peşə Təhsili üzrə Keyfiyyət Agentliyinin qiymətləndirmə direktoru vəzifəsində çalışan xanım Liia Lauri olub. O, ali təhsildə onlayn təhsil proseslərinin monitorinqi və qiymətləndirilməsi, Estoniyada distant təhsilin keyfiyyət göstəriciləri, metodologiyası və nəticələri, elektron hökumət, elektron səhiyyə, elektron biznes, distant təhsilin keyfiyyətinə təminatda dövlətin, təhsil qurumlarının və Ali və Peşə Təhsili üzrə Keyfiyyət Agentliyinin öhdəlikləri haqqında təqdimatla çıxış edib. Eyni zamanda, elektron tədris prosesində rəqəmsal alətlərdən istifadə, distant təhsil üçün keyfiyyət meyarları, rəqəmsal səriştəli təhsil təşkilatlarının Avropa çərçivəsində müsbət təcrübələri, distant təhsilin mükəməllik modeli barədə məlumat verilib. Sonda xanım Liia Lauri tədbir iştirakçılarının mövzu üzrə suallarını cavablandırıb.
Sonda sözügedən təlimin təşkil olunmasında Təhsil İnstitutunun koordinatoru və eyni zamanda, təlimlərin sədri xanım Abutab Abbasova çıxış edib. O bildirib ki, onlayn təhsil sırf yaranan kritik situasiyadan çıxış yolunda deyil, həmçinin gələcəkdə də Azərbaycanda ali təhsil müəssisələrində distant təhsil proqramlarının formalaşdırılması, tanınması və pandemiyadan sonra ənənəvi təhsillə parallel davam etdirilməsi prosesində vacib rol oynayır. Bundan əlavə, Azərbaycandakı ali təhsil müəssisələri tərəfindən Avropa Ali Təhsil Məkanının Keyfiyyət Təminatı üzrə Avropa Standartları və Təlimatları əsas götürülməklə və yerli kontekstə uyğunlaşdırılmaqla daxili keyfiyyət təminatı sisteminin qurulmasının vacibliyi qeyd olunub.
Qeyd edək ki, təlimlərdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Təhsil Nazirliyinə tabe olan ali təhsil müəssisələrinin 50-ə yaxın nümayəndəsi iştirak edir. Təlimlər 23 aprel 2021-ci il tarixinə qədər davam edəcək.