Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən həyata keçirilən “Kibertəhlükəsizlik” təlim layihəsinin üçüncü fazası başa çatıb. Kibertəhlükəsizlik, kibercinayətkarlıqla mübarizə haqqında bilik və bacarıqların inkişaf etdirilməsinə yönəlmiş layihə çərçivəsində 15 mart-9 aprel tarixlərində xaricdə təhsil alan, kibertəhlükəsizlik sahəsi üzrə ixtisaslaşan həmyerlilərimiz Pərvin Sadıqova və Miraqşin Abutalıbov tərəfindən təlimlər keçirilib. Təlimlər təhlükəsizlik prinsipləri və etik hakinqin əsasları, veb tətbiqlərin təhlükəsizliyi, infrastrukturun təhlükəsizliyi, insidentlərə cavab və həll modulları üzrə tərtib olunub.
Nəzərinizə çatdıraq ki, Pərvin Sadıqova proqram yoxlanılması və təhlükəsizlik üzrə “King’s College London”da kompüter elmləri namizədidir. Digər təlimçi Miraqşin Abutalıbov isə Oksford Universitetində proqram təminatı və sistemlərin təhlükəsizliyi üzrə magistr tələbəsidir.
Artıq 3-cü faza üzrə intensiv təlimləri başa çatan layihənin iştirakçıları kibertəhlükəsizlik və kibercinayətkarlıqla mübarizə haqqında biliklər əldə etməklə yanaşı, ölkənin nüfuzlu şirkət və qurumlarında işə düzəlmək fürsəti əldə ediblər. Belə ki, layihədə iştirak edən tələbələr Kapital Bank, Azərbaycan Beynəlxalq Bankı, PAŞA Bank, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, “Azerconnect” MMC, Code Academy, “R.I.S.K.” və s. kimi qurumlarda fəaliyyətə başlayıblar.
Qeyd edək ki, il ərzində layihənin davam etdirilməsi nəzərdə tutulub.
Layihənin 1-ci, 2-ci və 3-cü fazalarında iştirak edən tələbələrlə bağlı statistik məlumatlarla aşağıdakı infoqrafikada tanış ola bilərsiniz.