Təhsil İnstitutu ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında əməkdaşlıq genişlənir

Tarix: 31.03.2021
Paylaş:

30 mart 2021-ci il tarixində Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) direktoru Rüfət Əzizov Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rəhbərliyi ilə görüşüb. Görüşdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov, rektorun müşaviri Ümid Mehdiyev və Magistratura və doktorantura şöbəsinin müdiri, professor İbrahim Bayramov iştirak edib.

Təhsil İnstitutunun ADPU ilə elmi-pedaqoji sahədə uzunmüddətli əməkdaşlığı davam edir. Sözügedən əməkdaşlıq sahələrinə “STEAM Azərbaycan” layihəsi, inklüziv təhsil sahəsində tədris modullarının və təlim-metodik vəsaitlərinin hazırlanması və s. aiddir.

ADPU-nun rektoru, professor Cəfər Cəfərovun açılış nitqi ilə başlayan görüşdə Təhsil İnstitutunun direktoru Rüfət Əzizov Pedaqoji Universitetin ölkəmizdə təhsilin məzmunu və metodikasında, o cümlədən müasir təhsil islahatlarında önəmli elmi-metodik mərkəz olduğunu qeyd edib. O, həmçinin gələcək müəllimlərin hazırlanması prosesində ADPU tərəfindən müasir pedaqoji araşdırmaların tətbiqi ilə yeni nəsil kadrların yetişdirilməsinə verilən töhfələri vurğulayıb. R.Əzizov ali təhsil müəssisələri ilə əməkdaşlıq barədə danışarkən 2021-2022-ci tədris ilindən etibarən 7 ali təhsil müəssisəsində Sabah Magistratura proqramlarının tədris olunacağından bəhs edib. ADPU-da keçiriləcək Sabah Magistratura proqramının tərtibatında Təhsil İnstitutunun dəstəyindən istifadə olunacağı bildirilib. Bundan əlavə, Sabah Magistratura tələbələri üçün əlavə təlimlər, tədqiqatlar, multidisiplinar innovativ layihələr həyata keçirmək və iş dünyası ilə əlaqə qurmaq məqsədilə Təhsil İnstitutu nəzdində Tədris-Təlim Mərkəzinin yaradılacağı diqqətə çatdırılıb.

Digər görüş iştirakçılarından prof. A. Zamanov və dos. E. Aslanov bakalavriat səviyyəsində tədrisin təşkilinin müasir metodları, müvafiq sahələr üzrə tədris modullarının tətbiqi, magistratura və doktorantura səviyyəsində yüksək ixtisaslı pedaqoji kadrların, metodistlərin hazırlanması ilə bağlı öz fikirlərini bölüşüblər.