Məktəbəqədər təhsilin keyfiyyətinin yaxşılaşdırılması layihəsi çərçivəsində onlayn təlimlər və vebinarlar davam edir.

Tarix: 13.04.2020
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutunun həyata keçirdiyi “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsinin fəaliyyət planına uyğun olaraq müəllimlər üçün vebinarlar və onlayn təlimlər davam edir.

Aprelin 3-də layihənin əməkdaşı Fəqan Hüseynovun təqdimatında mentorluq fəaliyyəti ilə məşğul olmaq istəyən müəllimlər üçün onlayn vebinar təşkil olunmuşdur. Vebinarın məqsədi iştirakçıları “İcma əsaslı məktəbəqədər təhsil” layihəsində mentorluq fəaliyyəti, müraciət qaydları, tələb olunan kriteriyalar haqqında məlumatlandırmaq olmuşdur. Vebinar zamanı iştirakçıların aidiyyəti üzrə sualları cavablandırılmışdır.

Aprelin 7-də layihənin əməkdaşı Fəqan Hüseynovun təqdimatında “Fəaliyyətdən məqsədə, yoxsa məqsəddən fəaliyyətə” mövzusunda növbəti vebinar baş tutmuşdur. Vebinar icma siniflərində müəllimlər tərəfindən həyata keçirilən fəaliyyətlərin məqsədyönlü qurulması, onların strukturu, eyni zamanda oyunlar, tədris prosesi zamanı nəzərə alınmalı detallar barəsində interaktiv müzakirələr formatında təşkil olunmuşdu. Vebinar iştiakçılarına mövzu ilə bağlı geniş məlumat verilmiş və praktiki nümunələr göstərilmişdir. Sonda müəllimlər tərəfindən növbəti vebinarların mövzusu və əsas ehtiyac istiqamətləri barədə müzakirələr aparılmışdır.

Aprelin 10-da “İcma əsaslı məktəbəqədər təhsil” layihəsinin rəhbəri İlahə Rəsulovanın təqdimatında “Oxunun faydası və məktəbəqədər yaş qruplarında onun təşkili” istiqamətində növbəti vebinar təşkil olunmuşdur. Bu mövzuda vebinarın keçirilməsinin əsas səbəbi aparılmış sorğular nəticəsində valideynlərin öz övladlarına kitab oxuma ənənəsinin zəif olmasının aşkarlanması, eyni zamanda icmaya cəlb olunmuş şagirdlərin əksəriyyətində nitq çətinliklərinin olması ilə əlaqədar olmuşdur. Belə ki, məktəbəqədər yaş dövründə anlama bacarıqlarının inkişafının yolları və faydaları, eləcə də, valideynlərin bu prosesdə iştirakı barədə müəllimlərə geniş məlumat verilib. Vebinar müəllimlərin mövzu əsasında suallarının cavablandırılması ilə başa çatıb.

Qeyd edək ki, keçirilən vebinarlar “İcma əsaslı məktəbəqədər təhsil” layihəsinin müvafiq fəaliyyət planına uyğun olaraq cari ilin mart ayında start götürmüş və layihənin əməkdaşları tərəfindən mütəmadi olaraq təşkil olunmağa başlamışdır. Ümumilikdə, onlayn təlim və vebinarlarda layihə üzrə çalışan 150-ə yaxın müəllim iştirak etmişdir.

Xatırladaq ki, layihə çərçivəsində ölkə üzrə 33 rayon və şəhərin 308 icmasını əhatə edən 321 icma əsaslı məktəbəqədər təhsil qrupuna 6212 nəfər 3 və 4 yaşlı uşaq cəlb edilib.