(TİMSS-2019 tədqiqatı üzrə çərçivə sənədi əsasında hazırlanıb)
Məlumatların təhlili sahəsində özünün üçüncü onilliyinə və yeddinci dövrünə giriş əsnasında olan TİMSS (Trends in International Mathematics and Science Study) IV və VIII siniflərdə riyaziyyat və təbiət elmlərinə aid fənlər (science) üzrə beynəlxalq qiymətləndirmədir. 2019-cu il ərzində keçiriləcək TİMSS qiymətləndirməsi hələ ki ən sonuncudur. Bu qiymətləndirmə ilk dəfə 1995-ci ildə keçirilmiş və hər dörd ildən bir (1999, 2003, 2007, 2011, 2015) davam etmişdir. Bu il, 2019-cu ildə də keçirilməsi nəzərdə tutulmuşdur. Qlobal kontekstdə öz təhsil sistemlərinin effektivliyini qiymətləndirmək üçün təxminən 65-ə yaxın ölkə TİMSS-in məlumatlarından istifadə edir və hər qiymətləndirmədə yeni ölkələr TİMSS-ə qoşulur. TİMSS-2019 beynəlxalq qiymətləndirmə tədqiqatında təxminən 70 ölkənin iştirakı gözlənilir.
Riyaziyyat və təbiət elmlərinə aid fənləri qiymətləndirdiyi üçün TİMSS təhsilin effektivliyini ölçən dəyərli mənbədir. Belə ki, STEM kimi tanınan elm – özlüyündə texnologiya, mühəndislik və riyaziyyat kurikulumlarının əsas sahələridir. Məlumdur ki, indiki zamanda bir çox peşələr riyaziyyat və təbiət elmlərinə aid fənlər üzrə sadə biliklərin olmasını tələb edir və bu meyilin gələcəkdə artması gözlənilir. STEM peşələrində çalışan insanlar aclıq, təbii yaşayış sahələrinin məhv olması, eləcə də, dünya iqtisadiyyatında davamlı böyümə və stabillik kimi dünyəvi problemlərin həll yollarını tapmaq məsuliyyətini daşıyırlar. Riyaziyyat və təbiət elmlərinə aid fənlər gündəlik həyatın təməlini təşkil edir. Təbiət elmlərinə aid fənlər hava, torpaq, su, eləcə də, ərzaq və yanacaq ehtiyatlarının daxil olduğu həyat sahələrini öyrənir. Riyaziyyat bizə gündəlik işləri idarə etməyə kömək edir və bizim asılı olduğumuz kompüter, ağıllı telefon və televizorlar kimi texnologiyaların inkişafında onun rolu çox vacibdir.
Riyaziyyat və təbiət elmlərinə aid fənlər həyatımızın hər sahəsində yayıldığına görə İEA kimi tanınan Təlim Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya təxminən 60 ildir ki, riyaziyyat və təbiət elmlərinə aid fənlər üzrə beynəlxalq qiymətləndirmələr keçirir.
İEA milli tədqiqat institutları və dövlət agentlikləri ilə çalışan müstəqil beynəlxalq təşkilatdır. O, 1959-cu ildən bu günə qədər kros-milli (çoxsaylı ölkələri əhatə edən) nailiyyətlərin öyrənilməsini həyata keçirir. 1960-cı illərdə İEA müxtəlif təhsil sistemlərinə malik olan ölkələr arasında siyasi təsirlərin daha dərindən anlaşılmasına nail olmaq üçün təhsil nailiyyətlərinin beynəlxalq müqayisəli qiymətləndirilməsində öncül olmuşdur. Hazırda İEA-nın Amsterdam ofisi bir sıra beynəlxalq tədqiqatlarda ölkələrin iştirakını təmin edir və İEA-nın Hamburq bölməsi məlumatlar hazırlayıb yayan və tədqiqat aparan böyük mərkəzdir. İEA-nın əsas proqramı olan TİMSS dünyanın hər yerində iştirakçı ölkələrin öz nümayəndələri tərəfindən keçirilməsi təmin edilən korporativ tədqiqatdır.
TİMSS Boston Kollecinin Linç Məktəbindəki TİMSS və PİRLS Beynəlxalq Tədqiqatlar Mərkəzi tərəfindən idarə edilir. TİMSS və PİRLS birlikdə üç fundamental fənn – riyaziyyat, təbiət elmləri fənni və oxu üzrə nailiyyətləri ölçür.
Riyaziyyat və təbiət elmlərinə aid fənləri öyrənmək üçün məzmun və kontekst haqqında siyasətlə (təhsil siyasəti nəzərdə tutulur) əlaqəli məlumatlar.
TİMSS kurikulumlara istinad edir, daha geniş mənada şagirdlərin təhsil imkanları ilə necə təmin edildiyini və şagirdlərin bu imkanlardan necə istifadə edəcəklərinə təsiri ola biləcək faktorlardan əsas təşkilati məsələlər kimi istifadə edir. TİMSS-in kurikulum modelinin 3 aspekti var: nəzərdə tutulan kurikulum, tətbiq edilən kurikulum və qazanılmış kurikulum (Cədvələ baxın). Bunlar müvafiq olaraq ölkələrin kurikulum siyasətləri və nəşrlərində müəyyən edilən, şagirdlərin öyrənəcəyi riyaziyyat və təbiət elmlərinə aid fənləri və təhsil sisteminin bu öyrənmə prosesini asanlaşdırmaq üçün hansı tədbirlər həyata keçirdiyini, real olaraq siniflərdə nələr öyrədildiyini, öyrətmə prosesinin xüsusiyyətlərini, necə öyrədildiyini, nəhayət, şagirdlərin nəyi öyrəndiyini və onların bu fənləri öyrənmək barədə nələr düşündüyünü əks etdirir.
Nəzərdə tutulan kurikulum | Milli, sosial və təhsil kontekstləri |
Tətbiq edilən kurikulum | Ev, məktəb, müəllim və sinif otağı kontekstləri |
Qazanılmış kurikulum | Şagird nailiyyəti və yanaşmaları |
Bu model ilə işləyərək TİMSS dövri olaraq TİMSS Ensiklopediyasını nəşr etdirir və burada iştirak edən hər bir ölkənin riyaziyyat və təbiət elmlərinə aid fənlər üzrə kurikulumlarını və təhsil siyasətlərini qeydə alır.
“TİMSS-2015 Ensiklopediya: Riyaziyyat və təbiət elmlərinə aid fənlər üzrə təhsil siyasəti və kurikulum” bütün dünyada riyaziyyat və təbiət elmlərinə aid fənlərin öyrədilməsi və öyrənilməsini anlamağa kömək edən vacib mənbə rolunu oynayır. Hər ölkə tərəfindən hazırlanmış bölmələr onun təhsil siyasətinin strukturunu, riyaziyyat və təbiət elmlərinə aid fənlər üzrə kurikulum təlimatlarını, müəllimlərin təlim tələblərini və tətbiq edilən imtahan və qiymətləndirmə növləri barədə məlumatı ümumiləşdirir. İştirakçı ölkələr barədə standart məlumatı təmin etmək üçün ölkələr öz riyaziyyat və təbiət elmlərinə aid fənlər üzrə kurikulumları, məktəb idarəetməsinə yanaşmalar və təlim təcrübələri barədə sorğunu doldururlar.
TİMSS şagirdləri, onların valideynlərini və ya qəyyumlarını, həmçinin təhsil aldıqları məktəblərin direktorlarını, sinif rəhbərlərini şagirdlərin sosial vəziyyətləri, ev və məktəb təcrübələri, riyaziyyat və təbiət elmlərinə aid fənlərin öyrənilməsi üçün təlimat kontekstləri barədə sorğunu doldurmağa dəvət edir. Sorğular xüsusi diqqətlə hazırlanmış çərçivə sənədinə müvafiq hazırlanır və hər qiymətləndirmənin nəticələrinə əsasən TİMSS milli tədqiqat koordinatorları və TİMSS Sorğusu üzrə Beynəlxalq Ekspertlər Komitəsi tərəfindən yenilənir.
Bu sorğulardan toplanan məlumatlar təhsil siyasətinin tətbiqi barədə dinamik mənzərəni əks etdirir. Sorğu nəticələri əsasında mühüm məsələlər qaldırıla bilir və təhsilin inkişafı üçün yollar təklif edilir.
Ensiklopediyanın III bölməsində TİMSS-2019 kontekst sorğusunun çərçivə sənədi yer alır. TİMSS-2019 mövcud kontekst sorğusu ölçüləri və təhsilin effektivliyi baxımından tədqiqatın inkişaf edən sahələrinə yönələn bəzi yeni sorğu ölçüləri hazırlamaq üçün müəyyən tələblər əsasında qurulmuşdur.
Riyaziyyat və təbiət elmlərinə aid fənlər üzrə TİMSS beynəlxalq qiymətləndirməsi
TİMSS-in nailiyyət və məzmunla bağlı ortaya çıxan məsələlərə diqqət yetirməsi; öyrənmək üçün kontekstlər, sağlam üsullar və prosedurlar üzrə müntəzəm qiymətləndirmə meyilləri əsasında qurulması iştirakçı ölkələrin təhsil barədə qərarlar qəbul etməsində vacib rol oynayır.
TİMSS nailiyyət məlumatları kontekstdə sorğuları ilə birlikdə aşağıdakı məqsədlər üçün istifadə oluna bilər:
* qlobal kontekstdə sistemin nailiyyət meyillərini qiymətləndirmək;
* təhsil siyasəti barədə məlumat toplamaq, yeni və ya yenilənmiş siyasətlərin təsirini qiymətləndirmək;
* aşağı göstəricisi olan sahələri dəqiqləşdirmək və kurikulum islahatına təkan vermək;
* daha əvvəl IV siniflərin qiymətləndirməsində iştirak etmiş qrupun növbəti dəfə VIII siniflərin qiymətləndirməsində necə nəticə göstərdiyini görmək;
* şagirdlərin riyaziyyat və təbiət elmlərinə aid fənlər üzrə nəticələri ilə yanaşı, öyrətmə və öyrənmə üçün ev və məktəb kontekstləri haqqında vacib məlumat əldə etmək.
TİMSS-2019 qiymətləndirmə çərçivələri
I və II bölmə müvafiq olaraq riyaziyyat və təbiət elmlərinə aid fənlər üzrə TİMSS-2019 qiymətləndirmə çərçivələrini əhatə edir.
TİMSS qiymətləndirmələri riyaziyyat və təbiət elmlərinə aid fənlər üzrə qiymətləndirmə çərçivələrinə əsasən aparılır və bu çərçivələr TİMSS-in 24 illik tarixində hər növbəti qiymətləndirmədə yenilənir. Çərçivələr iki ölçü ətrafında hazırlanır: fənnin spesifik xüsusiyyətlərini əhatə edən məzmun domeni və şagirdlər məzmunla məşğul olan vaxt onların düşünmə proseslərini ölçən idrak domeni.
Riyaziyyat və təbiət elmlərinə aid fənlər üzrə idrak domeni
IV və VIII siniflər – bilmə, tətbiqetmə, əsaslandırma/təhliletmə
Hər TİMSS qiymətləndirməsinin bir sıra düşünmə bacarıqlarını ölçdüyünü qeyd etmək vacibdir. Buraya şagirdlərin öyrəndiklərini tətbiq etməsi, problem həll etməsi və vəziyyətə uyğun məntiqi düşünmək və təhlildən istifadə etmək qabiliyyətləri daxildir. Hər iki sinifdə həm riyaziyyat, həm də təbiət elmlərinə aid fənlər üçün idrak domenləri eynidir və bu domenlər riyaziyyat və təbiət elmlərinə aid fənlər üzrə məzmunların öyrənilməsində bir sıra idrak proseslərini, bu konseptlərin tətbiqi və onlarla əsaslandırmanın aparılmasını əhatə edir. TİMSS təbiət elmlərinə aid fənlər üzrə domenlər daxilində bilikləri elmi təcrübələrə, eləcə də, gündəlik həyat və məktəb təhsili üçün lazım olan bacarıqlara inteqrasiya edir. Şagirdlər sistemli şəkildə bütün təbiət elmlərinə aid fənlər üzrə təməl olan elmi sorğunu yerinə yetirmək üçün bu təcrübə və bacarıqlarından istifadə edirlər.
İştirakçı ölkələrə fənn kurikulumları, standartlar, çərçivələr, eyni zamanda riyaziyyat və təbiət elmlərinə aid fənlər üzrə təlimatlar barədə yeni fikirlər və son məlumatları təqdim etmək məqsədilə 2019-cu il üçün TİMSS qiymətləndirmə çərçivələri 2015-ci ildə istifadə olunana nisbətdə yenilənmişdir. Yenilənmə prosesi çərçivələri hər zaman cari təhsil tələblərinə uyğunlaşdırır, bir qiymətləndirmə ilə digəri arasında əlaqə qurur və TİMSS çərçivə, alət və prosedurlarının gələcək davamlı inkişafına şərait yaradır.
IV siniflərdə çətinlik dərəcəsi daha az olan TİMSS riyaziyyat qiymətləndirməsi
Məktəb təhsilinin IV sinfinə qədər uşaqlar sadə hesablamaları öyrənmiş olur və daha geniş mövzuları və riyazi məzmunları öyrənməyə başlayırlar. Ancaq bir çox səbəblərə görə elə ölkələr vardır ki, IV siniflərdə uşaqların çoxunun təməl numerativ bacarıqları tam formalaşmamış, hələ də təkmilləşməkdədir. Buna görə də 2015-ci ildən başlayaraq İEA dördüncü siniflərdə çətinlik dərəcəsi daha az olan riyaziyyat qiymətləndirməsini təklif edərək TİMSS-i daha da genişləndirdi.
Çətinlik dərəcəsi daha az olan bölmələrin daxil edilməsində məqsəd qiymətləndirmə şkalasının aşağı hissələrində daha yaxşı ölçmə aparmaq üçün dördüncü siniflərdə TİMSS riyaziyyat nailiyyətləri şkalasının daha da genişləndirilməsi idi. 2015-ci ildə TİMSS numerasiya kimi tanınan, çətinlik dərəcəsi daha az olan bölmələr ayrıca bir riyazi qiymətləndirmə kimi verilmişdi. Buna baxmayaraq, TİMSS numerasiyada iştirak edən ölkələr təbiət elmlərinə aid fənlər üzrə nəticələrini əldə etmək üçün TİMSS-də iştirak etmişdilər. Bu, bir sıra irəliləyişlərə səbəb oldu. Birincisi, TİMSS-2015 şagirdlərin TİMSS, TİMSS numerasiya və ya hər ikisində iştirak etməsindən asılı olmayaraq, eyni nailiyyət şkalasında bütün dördüncü sinif riyaziyyat nəticələrini əks etdirə bildi. Bu da öz növbəsində TİMSS-2019-a imkan verir ki, ölkələrin həm numerasiya, həm də təbiət elmlərinə aid fənni qiymətləndirmək üçün ayrı iki qiymətləndirmə təşkil etməsinə ehtiyac qalmasın.
Ölkənin təhsilinin inkişafından və şagirdlərin riyazi bacarıqlarından asılı olaraq, daha effektiv qiymətləndirmə keçirmək üçün ölkələr TİMSS-in hər hansı versiyasında iştirak edə bilərlər.
IV siniflərdə TİMSS-2019 haqqında bunları bilmək vacibdir:
* Riyazi qiymətləndirmənin hər iki versiyası IV siniflərdə riyaziyyat çərçivə sənədinə əsasən hazırlanmışdır;
* IV siniflərdə TİMSS riyaziyyatın hər iki versiyasının mövcudluğu mümkün ən yaxşı qiymətləndirmə keçirmək üçün hər ölkənin vəziyyətini nəzərə almağa imkan verir;
* TİMSS-2019-un bütün iştirakçı ölkələrinin riyaziyyat nəticələri eyni şkalada əksini tapacaqdır. Həmçinin buraya TİMSS riyaziyyatın çətinlik dərəcəsi daha az olan versiyasını keçirən ölkələr də daxildir;
* Dördüncü siniflərdə TİMSS riyaziyyatın hər iki versiyası əhatə sahəsinə görə bərabərdir və sualların təxminən 1/3-i eynidir. Digər 2/3 hissəsi isə çərçivənin eyni sahələri əsasında hazırlanmışdır, ancaq sualların çətinlik dərəcəsi daha azdır;
* TİMSS-də kurikulum və şagirdlərin nailiyyətləri arasında yaxşı əlaqənin qurulması vacibdir. TİMSS numerasiya və PİRLS savadlılıq qiymətləndirmələrinin təcrübəsi onu göstərir ki, təlim nailiyyətləri aşağı olan şagirdlər çətinlikləri daha az olan suallardan daha çox motivasiya alırlar və bildiklərini, edə biləcəklərini daha yaxşı nümayiş etdirirlər və nəticədə xüsusilə konstruktiv cavab tələb edən suallarda cavablandırılmamış sualların sayı daha az olur və tamamlama dərəcəsi yüksəlir.
Könül Pirverdiyeva
ARTİ-nin şöbə müdiri, Milli və beynəlxalq qiymətləndirmələr üzrə milli koordinator