Respublika fənn olimpiadalarının final mərhələsində iştirak edəcək şagirdlərin adları açıqlandı

Tarix: 03.04.2019
Paylaş:

Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunun nəticələri açıqlanıb.

Nəticələrə əsasən, fənn olimpiadalarının final mərhələsinə 574 şagird vəsiqə qazanıb.

Respublika fənn olimpiadalarının final turunda yarımfinal turunun nəticələrinə əsasən hər bir fəndən aşağı yaş qrupu üzrə ən yüksək nəticə göstərmiş 24 və 24-cü ilə eyni nəticəni əldə etmiş şagirdlər, yuxarı yaş qrupu üzrə ən yüksək nəticə göstərmiş 48 və 48-ci ilə eyni nəticəni əldə etmiş şagirdlər iştirak etmək hüququ qazanıblar.

Yarımfinal turunun nəticələri və finalda iştirak edəcək şagirdlərin adlı siyahısı ilə olimpiada.edu.az saytından tanış ola bilərsiniz. 

Şagirdlərin nəticələri rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) göndərilib. Olimpiada iştirakçıları nəticələrini oxuduqları ümumi təhsil müəssisəsindən də əldə edə bilərlər.

Respublika fənn olimpiadalarının final turu may ayında keçiriləcək.

Qeyd edək ki, Respublika fənn olimpiadalarının birinci-rayon (şəhər) mərhələsi fevralın 3-də keçirilib. Bilik yarışında 32 986 nəfər 9, 10, 11-ci, həmçinin xüsusi istedada və hazırlığa malik 8-ci sinif şagirdləri iştirak edib.

Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya fənləri üzrə keçirilib.

Respublika fənn olimpiadaları Kapital Bankın sponsorluğu ilə təşkil edilir.