Təhsil Mərkəzlərinin mentorları üçün növbəti təlim-seminar keçirilib

Tarix: 18.02.2019
Paylaş:

Fevralın 16-da “İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsi çərçivəsində ikinci modul üzrə təlim-seminara start verilib.

Layihə çərçivəsində fəaliyyət göstərən İcma əsaslı Uşaq Təhsil Mərkəzlərinin mentorları üçün nəzərdə tutulan təlim-seminar zamanı məşğələ prosesində əldə edilmiş nailiyyətlər, yaranmış problemlər, ailələrlə iş, proqramla bağlı məsələlər, layihə komandasının icmalara etdiyi monitorinqlər müzakirə edilib. Təlimdə həmçinin növbəti ayların proqramları müzakirə olunub, Təhsil İnstitunun UNİCEF-in malkiyyə dəstəyi ilə həyata keçirdiyi layihəsi çərçivəsində çəkilmiş valideyn-uşaq münasibətlərini əks etdirən videoçarxlara baxış keçirilib və müzakirələr aparılıb. Sonra mentorlar hazırlanmış proqram əsasında müxtəlif yaradıcı və öyrədici məşğələlər və oyunlar nümayiş etdiriblər.

Sonda layihə çərçivəsində əməkdaşlıq olunan  Estoniya Uşaq Akademiyası təşkilatının rəhbəri Yelena Parfyonova “Uşaqları təqdir etmək,  konstruktiv əks əlaqə, oyun uşaq inkişafında aparıcı fəaliyyət kimi” adlı seminarda mentorlarla uşaq davranışı, oyunun uşaqların emosional, idrak və digər inkişaf növlərində vacib rol oynadığını vurğulayıb, uşaqlarda aqressivliyin azaldılması ilə bağlı oyunlar nümayiş etdirib və mentorları maraqlandıran suallara cavab verib. 

Təlim-seminar iki gün davam edib.

Xatırladaq ki, İcma əsaslı Uşaq Təhsil Mərkəzlərinin mentorları bundan öncə dekabr 2018-ci il tarixində iki günlük təlimlərə cəlb olunmuş və ilk iki ay üçün proqramla, uşaqların inkişaf dinamikasını göstərən qiymətləndirmə meyarları, valideyn iclasları və protokolları, müəllim və valideyn münasibətləri və ünsiyyətinin qurulması kimi məsələlər müzakirə olunmuşdu.

Qeyd edək ki, erkən inkişafetdirici təlimin uşağın intellektual bacarığının yaxşılaşmasına müsbət təsir etməsini və onun məktəbdəki akademik göstəricilərinə və gələcəkdə əmək bazarında uğur qazanmasına zəmin yaratmasını nəzərə alaraq həyata keçirilən “İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsi Avropa Komissiyasının maliyyə dəstəyi ilə Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən icra edilir.