Dekabrın 16-da erkən uşaq təhsili ilə bağlı təlimlərin birinci hissəsi başa çatıb.
8-9 və 15-16 dekabr 2018-ci il tarixlərində “İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsi çərçivəsində İcma əsaslı Uşaq Təhsil Mərkəzləri üçün seçilmiş mentorlara təlimlər keçirilib. Təlimlərdə mentorlar məktəbəqədər yaş xüsusiyyətləri, 3-5 yaşlı uşaqların inkişaf dinamikasını ölçmək üçün qiymətləndirmə meyarları, layihənin əməkdaşı olan eston mütəxəssisləri və yerli məsləhətçilərin birgə hazırladıqları proqram və uşaqlar üçün öyrənmə materialları ilə tanış olublar. Bundan əlavə, onlara uşağın inkişafında başlıca rol oynayan valideynlər və icma ilə bağlı təlimatlar haqqında da məlumat verilib. Mentorlar layihənin ilk iki ay proqramını əhatə edən stimulyasiya oyunlarının birbaşa iştirakçıları olublar.
Qeyd edək ki, erkən inkişafetdirici təlimin uşağın intellektual bacarığının yaxşılaşmasına müsbət təsir etməsini və onun məktəbdəki akademik göstəricilərinə və gələcəkdə əmək bazarında uğur qazanmasına zəmin yaratmasını nəzərə alaraq həyata keçirilən “İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsi Avropa Komissiyasının maliyyə dəstəyi ilə Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən icra edilir.
Layihə 10 regiondan 50 icmanı əhatə edir. İcma əsaslı Uşaq Təhsil Mərkəzləri Quba, Xaçmaz, Biləsuvar, Cəlilabad, Masallı, Salyan, Sabirabad, Ağcabədi, Goranboy və Şəmkirin rayon və kənd məktəblərində 2019-cu ilin yanvar ayından fəaliyyətə başlayacaq.
Təlimlərin ikinci hissəsinin 2019-cu ilin fevral ayında keçirilməsi nəzərdə tutulub.