15 dekabr 2018-ci il tarixində müəllimlər arasında müsabiqə keçiriləcək.
“İstedadlı şagird üçün istedadlı müəllim” adlı müsabiqə ümumi təhsil müəssisələrində çalışan müəllimlərin istedadlı şagirdlərlə bağlı fəaliyyətlərə daha yaxından cəlb edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) tərəfindən keçiriləcək.
Müsabiqənin keçirilməsində digər məqsəd istedadlı şagirdlərlə işləyəcək pedaqoji kollektivi müəyyənləşdirmək, müxtəlif layihələrə cəlb etməklə onların pedaqoji və akademik bacarıqlarının inkişafını təmin etməkdən ibarətdir.
Potensial imkanları ilə fərəqlənən istedadlı şagirdlərin fəaliyyətlərinin düzgün istiqamətləndirilməsi, onların inkişaflarının təmin olunması üçün müasir tələblərə cavab verən səmərəli fəaliyyət mexanizminin yaradılması, həmin uşaqların təhsilinə dövlət qayğısının daha da gücləndirilməsi, ictimaiyyətin diqqətinin bu məsələyə daha çox yönəldilməsi məqsədilə yeni layihələr planlaşdırılaraq uğurla icra olunmaqdadır. Təhsil nazirinin müvafiq əmrinə əsasən istedadlı şagirdlər üçün xüsusi siniflərin yaradılması, yerlərdə təşkil olunan görüşlər, seminarlar və dəyirmi masalar, ölkəmizdə keçirilən beynəlxalq olimpiadalar və müsabiqələr, olimpiadalara hazırlıq mərkəzlərinə xaricdən dəvət edilən peşəkar mütəxəssislər və bir çox görülən işlər buna misal olaraq göstərilə bilər.
Gələcəkdə icra olunacaq fəaliyyətlər zamanı müsabiqə qalibi olan şəxslərin təcrübələrindən istifadə edilməsi və onların layihələrinin dəstəklənməsi planlaşdırılır.
Müsabiqədə iştirak könüllüdür.
Müsabiqənin beş fənn – riyaziyyat, fizika, kimya, biologiya və informatika fənni üzrə keçirilməsi planlaşdırılır.
Müsabiqənin ümumi mükafat fondu 15.000 manatdır. Hər bir fənn üzrə I yerin sahibinə – 1.500 manat, II yerin sahibinə – 1.000 manat və III yerin sahibinə – 500 manat olmaqla pul mükafatı veriləcək.
Müsabiqə Kapital Bankın baş sponsorluğu ilə həyata keçiriləcək.