Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib olmuş S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyanın müəllimi Xəyalə Əhmədzadənin “Bütün uşaqlar gülsün!” adlı layihəsi çərçivəsində işlər uğurla davam etdirilir.
Layihənin əsas məqsədi məktəbli yaşında olan sağlamlıq imkanları məhdud uşaqların məktəbə və cəmiyyətə qarşı münasibətini dəyişmək, normal təhsil almalarını, cəmiyyətə adaptasiyasını təmin etmək, bu cür uşaqlara ilk peşə təhsili almaqda kömək etməklə gələcəkdə əmək fəaliyyəti göstərmələrinə şərait yaratmaqdır.
Layihənin vəzifələri aşağıdakılardır:
– S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyada təhsil alan şagirdlərin bir qismini sağlamlıq imkanları məhdud uşaqlarla necə davranmalı olduqları sahəsində psixoloji cəhətdən hazırlamaq;
– uşaqların məktəbə səfərlərini təşkil etmək və onların özlərini məktəbin bir hissəsi kimi hiss etmələri üçün şərait yaratmaq;
– sağlamlıq imkanları məhdud uşaqlarla psixoloji cəhətdən hazırlanmış şagirdərin görüşlərini təşkil etmək;
– belə uşaqlar üçün yaradıcılıq kursları təşkil etmək;
– onların cəmiyyətə inteqrasiyasını təmin etmək, gələcəkdə normal həyat tərzi yaşamalarına köməklik etmək;
– onları gələcəkdə əmək fəaliyyəti ilə məşğul ola bilmələri üçün hazırlaşdırmaq;
– sağlamlıq imkanları məhdud uşaqların valideynləri üçün psixoloji yardım təşkil etmək.
Artıq layihə üzrə siyahısı müəyyən olunmuş 20 nəfər uşaqla eyni yaş qrupundan olan şagirdlərə psixoloji təlimlər təşkil olunub. Sağlamlıq imkanları məhdud uşaqlarla normal davranış sərgiləmələri üçün onlarla geniş söhbətlər aparılıb. Bundan başqa uşaqlar üçün əl işləri ilə bağlı yaradıcılıq kursu təşkil olunub ki, bu kurslarda əldə etdikləri bacarıqlar gələcəkdə belə uşaqların əmək bazarına çıxmaları üçün bir vasitə olacaq.
Layihə çərçivəsində mütəmadi olaraq valideynlərə psixoloji dəstək göstərilərək məsləhətlər verilir.
Layihənin icra müddəti 1 avqust – 1 dekabr 2018-ci il tarixlərini əhatə edir.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.