“Sağlam bədən, sağlam təhsil” layihəsi uğurla davam etdirilir.

Tarix: 27.10.2018
Paylaş:

Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib olmuş Mingəçevir şəhəri Vaqif Ağakişiyev adına 12 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Namiq İbrahimlinin “Sağlam bədən, sağlam təhsil” adlı layihəsi uğurla davam etdirilir.

Layihənin əsas məqsədi məktəblilər arasında sağlam həyat tərzinin təbliği, onlarda fiziki tərbiyə dərslərinə maraq yaradaraq təhsilin keyfiyyətinin artırılması, məktəblilərin idman dərslərinin əhəmiyyəti haqqında maarifləndirilməsi və məktəbdənkənar asudə vaxtlarının səmərəli təşkil olunmasıdır.

Kommunikasiya texnologiyalarının sürətli inkişafı yeniyetmələrin virtual aləmdə çox zaman keçirməsinə gətirib çıxardır ki, bu da həm fiziki, həm zehni problemlərin ortaya çıxmasına səbəb olur. Fərqli yaş qruplarından olan şagirdlərə idmanı sevdirmək, müxtəlif idman növlərindən istifadə etməklə yeniyetmələri aktiv hərəkətə sövq etmək, stresi azaltmalarına yardımçı olmaq, özünəinamı inkişaf etdirmək layihənin qarşısında duran başlıca vəzifələrdir. Bu məqsədlə layihə çərçivəsində Mingəçevir şəhərində yerləşən orta məktəb şagirdləri arasında futbol, basketbol, şahmat, qaçış, voleybol yarışları keçirilib. Müxtəlif yaş qruplarından olan şagirdlərin iştirak etdiyi yarışlar böyük marağa səbəb olub. İştirakçılar arasında sağlam rəqabət mühitinin formalaşdırılması diqqət mərkəzində saxlanılıb. Şagirdlər burada həm yarışıb, həm də ətraf mühitlə tanış olmaqla yanaşı öz yaşıdları ilə də ünsiyyət saxlayıb. Keçirilən yarışların sonunda iştirak edən bütün şagirdlərə sertifikatlar təqdim olunub, birinci yeri tutan şagirdlər isə kubok və medallarla mükafatlandırılıb.

Üç ay ərzində davam etməsi nəzərdə tutulmuş layihədə Mingəçevir şəhər orta məktəbinin şagirdləri iştirak edib. Layihə çərçivəsində işçi heyət müəyyən edilib, Mingəçevir Şəhər Təhsil Şöbəsi, məktəb rəhbərləri, Uşaq-Gənclər Şahmat məktəbi ilə danışıqlar aparılıb və razılıqlar alınıb. Layihənin genişmiqyaslı şəkildə işıqlandırılması üçün şəhər mətbuat orqanları ilə əməkdaşlıq qurulub.

Qeyd edirik ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.