Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib olmuş İmişli rayon Muradallı kənd tam orta məktəbin direktoru Yusif Hüseynovun “Səyyar intellektlər” adlı layihəsi uğurla davam etdirilir.
Layihənin əsas məqsədi İmişli rayonunda təhsil alan şagirdlərin dərsə maraq və istəyinin stimullaşmasına dəstək olmaq, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli istifadəsinə şərait yaratmaq, onları rəqabətyönümlü intellektual oyunlarda iştirak etməyə həvəsləndirmək, yaradıcı təfəkkürü inkişaf etdirmək və istedadlı uşaqların üzə çıxarılmasına nail olmaqdır.
“Səyyar intellektlər” adlı layihədə mərkəz və mərkəzdən uzaq kəndlərdən olan 360 nəfər şagirdin iştirakı nəzərdə tutulub.
Layihə İmişli şəhərində təşkil edilərək ümumilikdə 62 məktəbi əhatə edir. Artıq 62 məktəb 10 seçim turunda iştirak edib. Hər seçim turunun 1-ci və 2-ci yerlərinin qalibi olmuş 22 məktəb komandası yarımfinala vəsiqə qazanıb. Eyni zamanda seçim turlarında yer tutan komandaların diplomlarla təltif edilməsi, digər komandalara isə sertifikatlar verilməsi nəzərdə tutulub.
Layihənin icra müddəti 1 avqust – 30 noyabr 2018-ci il tarixlərini əhatə edir.
Qeyd edirik ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.