Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib olmuş Qazax rayon Alpout kənd tam orta məktəbin biologiya müəllimi Mahmudova Aygünün “Biologiyada innovativ fəaliyyət əsasında irəliləyişlər” adlı layihəsi üzrə işlər uğurla davam etdirilir.
Layihənin əsas məqsədi şagirdlərin düzgün qiymətləndirilməsi və yüksək nəticənin əldə olunmasıdır.
Layihə rəhbəri qeyd edib ki, summativ qiymətləndirmədə test üsulundan sərbəst iş üsuluna keçmək, hər bir şagirdi fərdi qiymətləndirmək lazımdır. “Biz şagirdə bilik verməklə yanaşı fəaliyyət bacarığı da öyrədirik. Əyani vasitələrə üstünlük verilən biologiya fənnində qiymətləndirmə vasitələri formal olaraq qalır. Bu formallığı aradan qaldırmaq üçün təklif edirəm ki, biologiyada əyani vasitələrlə qiymətləndirmə aparılsın. Bunun üçün məktəbin maddi texniki bazası zənginləşdirilsin və tədbirlər plani həyata keçirilsin. Məsələn: bir dərsi tədris edərkən şagirdlər hər şeyi əyani görsün deyə çöl təcrübəsi gəzintisi olsun, dərman bitkilərinin toplanması və xalq təbabətində tətbiqi qaydaları öyrədilsin. Lazım gəldikdə xəstə yoldaşlarına kömək məqsədilə bir çox xəstəliklərdən xəbərdar olmaq və onların azalması yollarını tapmaq şagirdlərə bir öhdəlik olaraq verilsin. Biz təkcə biliyi yox, fəaliyyəti və onun səmərəliliyini də qiymətləndirməliyik. Aktual məsələlərdən biri öyrəndiyini həyatda tətbiq etməkdir. Bunun üçün daha innovativ təlim üsullarindan və qiymətləndirmə vasitələrindən istifadə etmək istəyirəm. Bu zaman sinifin səviyyəsi asanlıqla müəyyən oluna bilər. Digər tərəfdən ayrı-ayrı fənlərə marağı artırmaq üçün ilin sonunda müəyyən hesabatların aparılması vacibdir. Belə ki, əgər gündəlik yaxşı cavab verib nəticə göstərməsən topladığın ballar yetərsiz olacaq və şagirdin sinifdən sinifə keçməsinə imkan verməyəcək. Şagirdlər çalışacaq ki, gündəlik dərslərə hazırlıqlı olsun və topladığı ballar sinifdən sinifə keçməsi üçün ona kömək etsin. Gizli deyil ki, bu gün şagirdlər seçdiyi ixtisaslar üzrə imtahan verəcəyi fənnlərə daha yaxşı hazırlaşır, digər fənnlər onlar üçün maraqsız olur. Bu zaman şagirdi qınamaq olmaz. Məsələn: mənim tədris etdiyim biologiya fənni yalnız IV ixtisas qrupunda var. Əgər sinifdə IV ixtisas qrupuna hazırlaşan yoxdursa, nə dərəcədə yüksək səviyyədə dərs keçsəm də, bu şagirdlərə maraqlı olmayacaq. Ən əsası odur ki, imtahan vermək şagirdlərdə məsuliyyət hissini artırır. Buna görə də yaxşı olardı ki, hər bir fənn üzrə qiymətləndirmə meyarları müəyyən olunsun. Bu zaman fənnlərdə ayrı seçkilik və məsiliyyətsizlik aradan qalxmış olar.” deyə layihə rəhbəri bildirib.
Layihənin vəzifələri:
– İlk olaraq yeni qiymətləndirmə ilə müəllim və şagird kollektivin tanış etmək.
– Fərdi yanaşma və qiymətləndirmənin mahiyyətini açıqlamaq.
– Keçdiyin dərsi şagirddən yerindəcə almaq və hər bir şagirdə öz səviyyəsinə uyğun tapşırıqlar vermək.
– Zəruriyyət duymadıqda test tapşırıqlarını ön plana çəkməmək.
– Sərbəst iş özünü qiymətləndirmə fərqləndirmə və rəğbətləndirmə kimi vasitələrdən geniş istifadə etmək.
– Sərbəst iş üçün bitki örtüyü zəngin olan ərazilərə ekskursiyalar etmək.
– Məktəbyanı sahədə yaşıllıqlar salmaq;
– Çöl təcrübəsi aparmaq (20 nəfərə təlim keçiriləcək);
– Şagirdlərin köməyindən istifadə edərək gənc xilasedicilər qrupu (20 nəfər) təşkil olunacaq. (20 nəfər ekskursiyaya gedəcək);
– Məktəbdə bioloji guşənin yaradılması və tibbi ləvazimatlarla təmin olunması.
Xatırladaq ki, layihənin təqdimatı Qazax rayon R.Mirzəliyev adına Alpoud kənd tam orta məktəbində 2018-ci il sentyabr ayının 5-də keçirilib. Sonraq isə rayonun Alpud kənd tam orta məktəbində şagirdlərlə, Cəfərli kənd tam orta məktəbində müəllim kollektivi ilə, Quşçu Ayrım və Bala cəfərli kəndlərində məktəb rəhbərliyi və müəllim kollektivi ilə görüşlər keçirilib. Görüşlərdə layihə rəhbəri layihənin məqsəd və vəzifələri,görüləcək işlər barədə müəllimlərə məlumat verib.
Oktyabrın 6-da Qazax rayon 4 saylı orta məktəbdə layihə ilə bağlı seminar keçirilib. Seminarda Qazax təhsil şöbəsinin nümayəndələri və orta məktəb müəllimləri iştirak edib.
Oktyabrın 7,8 və 9-da Göyəzən dövlət qoruğuna ekskursiya təşkil edilib. Ekskursiyanın məqsədi şagirdlərin əyani olaraq bitki örtüyü ilə tanış olmsını təmin etmək və dərman bitkilərinin toplanması olub.
Qazax rayon 3 saylı tam orta məktədində oktyabrın 13-də “fərdi qiymətləndirmənin mahiyyəti” açıq dərs şəkilində müəllimlərə təqdim olunub.
23 oktyabrda Qazax rayon Kamran Kərimov adına Fərəhli kənd ümumi orta məktəbində növbəti seminar seminar keçirilib.
Layihənin icra müddəti 5 sentyabr 2018-ci il – 5 dekabr 2018-ci il tarixlərini əhatə edir.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.