Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib olmuş Bakı şəhəri Binəqədi rayonu V.Əvəzov adına 300 nömrəli tam orta məktəbdə biologiya müəllimi Rüstəmova Badamın “Şagirdlərin irsi yolla keçən xəstəliklərlə əlaqədar maarifləndirilməsi” adlı layihəsi çərçivəsində təbirlərə start verilib.
Layihənin əsas məqsədi şagirdləri irsi yolla keçən xəstəliklər haqqında maarifləndirməkdir.
Layihə rəhbəri qeyd edib ki, son vaxtlar tez-tez rast gəlinən talassemiya və hemofiliya kimi irsi qan xəstəliklərinin çoxalması buna əsas verir ki, cəmiyyət bu xəstəliklər haqqında az məlumatlıdır. Bu səbəbdən də layihənin məqsədi həm şagirdləri həm də valideynləri maarifləndirməkdir. Bu məqsədlə layihə çərçivəsində həm şagirdləri, həm də valideynləri maarifləndirmək üçün seminarlar təşkil edilməsi nəzərdə tutulub.
Seminarlara 9, 10 və 11-ci sinif şagirdləri və valideynlərin cəlb edilməsi nəzərdə tutulub. İlk seminar 2 oktyabr 2018 ci il tarixdə baş tutub və artıq 5 seminar keçirilib.
Növbəti seminar 13 noyabrda 297 nömrəli məktəbdə təşkil olunacaq.
Seminarların 30 noyabr 2018–ci il tarixinədək davam etdirilməsi planlaşdırılır. Seminarlara həkim mütəxəssis dəvət olunur.
Layihə 300 nömrəli məktəblə yanaşı ətraf məktəbləri də əhatə edir. Öncədən aparılan sorğulardan aydın olub ki, həm şagirdlər, həm də valideynlər irsi xəstəliklər haqqında az məlumatlıdırlar.
Layihə çərçivəsində araşdırmalar aparılması, irsi xəstəliklərin gələcəkdə üzə çıxardacağı fəsadlar, əlamətləri, qarşısının alınması yolları haqqında məlimatlar, video çarxlar hazırlanması nəzərdə tutulub.
Layihənin icra müddəti 3 sentyabr 2018-ci il – 1 dekabr 2018-ci il tarixlərini əhatə edir.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.