Şirvan məktəbində məntiqi tapşırıqlara dair xüsusi vəsait hazırlanır

Tarix: 19.10.2018
Paylaş:

Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib olmuş Şirvan   şəhər  1№-li  tam  orta   məktəb-xüsusi  istedadlı  şagirdlər   liseyinin   hərbi   rəhbəri, “Məntiq”   xüsusi   kursunun   müəllimi, Əməkdar   müəllim  Rəfail   Əliyevin “Məntiqi tapşırıqlara dair xüsusi vəsait” adlı layihəsi çərçivəsində işlər uğurla davam etdirilir.

Layihənin əsas məqsədi Xüsusi istedadlı şagirdlər liseyində   bu  kursu   tədris  edən   müəllimlər  və   kursu  öyrənən   şagirdlər   üçün  zəruri   vəsaitin   hazırlanmasına   nail  olmaqdır. Bu   vəsaitin   hazırlanması      təhsilimizdə   “Məntiq” xüsusi  kursunun  tədrisindəki    dərslik   problemini   qismən  də   olsa  həll  etməyə  xidmət   edir.

Layihə Şirvan   şəhər   1№-li   tam   orta   məktəbdə   fəaliyyən   göstərən   istedadlı   şagirdlər   liseyində həyata   keçirilir. Layihənin   əsas  iştirakçıları  liseyə   bu  il   qəbul  olunmuş  V sinif   şagirdləridir. Layihənin   sonunda   bu  sinifdə   təhsil   alan   25   şagird  bu  vəsaitlə   təmin   olunacaq.

200 nüxsə   çap  olunacaq   bu   vəsaitin  20  ədədi   yekun   mərhələsinin   konfrans-təqdimat   mərasiminin   iştirakçılarına – məktəblərin   nümayəndələrinə   paylanacaq. Vəsaitin   qalan   nüsxələri   növbəti   dərs   illərində   3-4   il   ərzində   burada   təhsil alacaq  V  sinif  şagirdlərinin    istifadəsinə  veriləcək. Respublikada   fəaliyyət   göstərən  digər  liseylərə   də vəsaitdən   yararlana   bilmələri üçün məlumat   göndəriləcək.

Layihə “İSTEDADLI   UŞAQLARIN   AŞKAR   EDİLMƏSİNDƏ  XÜSUSİ   VƏSAİTLƏRİN   ROLU   VƏ  ƏHƏMİYYƏTİ”  mövzusunda   elmi-praktik   konfrans   və   vəsaitin   təqdimat   mərasimi   ilə   yekunlaşacaq. Tədbir   layihənin   həyata   keçirildiyi   Şirvan   şəhər   1№li   tam   orta   məktəbdə 16 noyabr   2018-ci ildə   saat   11 –də   keçiriləcək. Tədbirdə   Təhsil   İnstitunun   nümayəndəsi, o cümlədən, İnstitutun şöbə   müdiri   E.Bəylərov, şəhər   məktəblərindən 20 nəfər müəllimin iştirakı da nəzərdə   tutulub.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.