Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib olmuş Şirvan şəhər 3 nömrəli tam orta məktəbin fizika müəllimi Vasif Zeynalovun “IV sinif şagirdlərinin oxuyub – anlama bacarıqlarının artırılması” adlı lahihəsi çərçivəsində işlər uğurla davam etdirilir.
Layihənin əsas məqsədi 4-cü sinif şagirdlərinin oxuyub-anlama bacarıqlarının artırılmasına nail olmaqdır. Bu məqsədlə layihə çərçivəsində Şirvan şəhər 9 nömrəli məktəbin müvafiq şagirdləri üçün sürətli oxu müsabiqələri keçirir, stimullaşdırıcı tədbirlər olmaqla müxtəlif yazı, esse və s. müsabiqələr təşkil olunur.
Bundan başqa layihə çərçivəsində orta məktəbdə tədris olunan mövzuların fərqli müəllimlər tərəfindən tədris olunması, beyin gimnastikasını inkişaf etdirən məntiq dərslərinin keçirilməsi və üç dəfə qiymətləndirmə aparlması da nəzərdə tutulub. Artıq 2 dəfə qiymətləndirmə həyata keçirilib.
Əvvəlcədən nəzərdə tutulduğu kimi Şirvan şəhər 9 nömrəli məktəbin 4A sinfi ilə oxu bacarıqlarının artırılması, sosial fəaliyyətlərin təşkili, öyrədici bilik yarışlarının – sinif gecələrinin keçirilməsi, həftəsonu gəzintilər təşkil olunur. Keyfiyyətin yoxlanılması üçün hər ay qiymətləndirmə aparılır. Şagirdlərə sürətli oxu vərdişləri aşılamaq məqsədi ilə onlar sinifdənxaric oxu dərslikləri ilə tam təmin ediliblər. Düzgün oxuyub, intonasiyalı tələffüz edib, oxuduqlarını anlaya bildiyini yoxlamaq məqsədi ilə şeir müsabiqələri və məntiqi təfəkkürü inkişaf etdirə biləcək dərslər və sınaqlar keçirilir. Şagirdlərin oxuyub – anlama bacarıqlarının artırılması istiqamətində əlavə vəsaitlərdən istifadə olunur.
Gözlənildiyi kimi işlərin həyata keçirilməsində məktəb – müəllim – valideyn əməkdaşlığı problemin həllinə müsbət təsir göstərir, imtahan sonrası nəticələr valideyn və fənn müəllimləri ilə müzakirə olunaraq şagirdlərə hədəflər qoyulur.
Şirvan şəhər 16 nömrəli məktəbin 4E sinfi üçün isə layihə çərçivəsində Azərbaycan dili, riyaziyyat və həyat bilgisi dərslərindən əlavə məşğələlər keçirilir, şagirdlər bu dərslərə aid yeni tipli test sualları ilə imtahan olunurlar.
Layihə çərçivəsində üzərində işlənilən siniflərin keyfiyyət göstəricilərini müqayisə etmək imkanı üçün Şirvan şəhər 3 nömrəli məktəbin 4A sinfi götürülüb və onlarla əlavə heç bir iş görmədən, sadəcə qiymətləndirmə aparılır.
Layihə üzrə işlər 30 noyabr 2018-ci il tarixində başa çatacaq.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.