Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib olmuş Quba rayon II Nügədi kənd 3 saylı tam orta məktəbin coğrafiya müəllimi Cəbrayılova Yasəmən Tofiq qızının “Təhsil verənlərin bilik və bacarıqlarının artırılması” adlı layihəsi uğurla davam etdirilir.
Layihənin əsas məqsədi MİQ-dən keçərək son 3 ildə işə yeni qəbul olunmuş gənc müəllimlərə metodik baxımdan dəstək olmaq, dərslərinin daha səmərəli və effektiv qurulmasına yardim etmək, müasir, səriştəli və təcrübəli təhsilverənləri formalaşdırmaq və gənc müəllimləri bir araya toplamaqdır.
Bu məqsədlə layihə çərçivəssində gənc müəllimlərə sinfin idarə olunması, yeni fənn kurikulumlarının tədrisi metodikası mövzularında təlimləri nəzərdə tutulmuşdur.
Layihə Quba rayonuna MİQ imtahanını keçərək yeni işə qəbul olmuş 20 gənc müəllimini əhatə edir.
Xatırladaq ki, 13 avqust 2018-ci il tarixində layihənin təqdimatı keçirilib. Mərasimdə Quba RTŞ-nin müdiri, metodistlər və məktəb direktorları iştirka edib. Sentyabr ayının 20-sindən etibarən müxtəlif fənlər üzrə MİQ imtahanında yüksək bal toplamış 20 gənc müəllim üçün Quba rayon şəhər 2 saylı məktəb-liseyində təlimlərə start verilib.
Hazırda layihə çərçivəsində 72 akademik saat olmaqla 12 günlük təlimlərin keçirilməsi həftənin 6 və bazar günləri olmaqla davam etdirilir.
Layihənin sonunda təlim nəticələrinin qiymətləndirmə imtahanı aparılaraq iştirakçılara sertifikat veriləcək.
Layihənin davamı olaraq həmin müəllimlərin fəaliyətinin izənilməsi nəzərdə tutulur.
Layihənin icra müddəti 2 iyul-30 noyabr 2018-ci il tarixlərini əhatə edir.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.