“Biz tarixə sığınmadıq, dünən vardıq, bu gün varıq!” layihəsi uğurla davam etdirilir.

Tarix: 23.10.2018
Paylaş:

Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib olmuş İ.Həsənov adına İsmayıllı şəhər 1 saylı tam orta məktəbin müəllimi Surə Mehdiyevanın “Biz tarixə sığınmadıq, dünən vardıq, bu gün varıq!” adlı layihəsi çərçivəsində son təlimlər keçirilib.

23 oktyabrda layihə çərçivəsində İIsmayıllı şəhər İ.Həsənov adına 1 saylı tam orta məktəbdə iki qrupdan ibarət  son təlimlər keçirilib. Bununla yanaşı əvvəlcədən elan olunmuş viki müsabiqə üçün son işlər təqdim olunub. Yaxın günlərdə qaliblərin adlarının açıqlanması nəzərdə tutulub.

Layihənin əsas məqsədi şagirdlərin internet texnologiyalarına  düzgün istifadə etməsinə, internet resurslarına Qarabağ həqiqətlərini düzgün yerləşdirməsinə və bu informasiyanın beynəlxalq ictimaiyyətə düzgün çatırılmasına zəmin yaratmaqdır.

Layihə İsmayıllı rayon məktəblərini 9, 10 və 11-ci sinif şagirdlərini əhatə edir. Ümumilikdə layihəyə 200 nəfər şagirdin cəlb edilməsi nəzərdə tutulub.

Bu məqsədlə layihə çərçivəsində şagirdlərə tarixi məlumatları düzgün formada vikipediyada yerləşdirmə qaydaları öyrədilməsi, onların vikipediyada  işləmək bilik və bacarıqları artırılması nəzərdə tutulub. Müxtəlif dillərdə Qarabağ haqqında həqiqətləri həmin ensiklopediyada yerləşdirmələrinə dəstək verilir.

Ümumi icra müddəti 3 ay olan layihə üzrə işlər 1 noyabrda başa çatdırılacaq.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.