Oktyabrın 15-də Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib olmuş Gəncə şəhəri 24 nömrəli tam orta məktəbin müəllimi Sevda Hacıyevanın “Mən hansı peşənin sahibi olmaq istəyirəm?!” adlı layihəsi çərçivəsində ilk təlim kursu keçirilib.
Layihənin əsas məqsədi orta məktəb şagirdlərinə peşə və ixtisas seçimində sərbəstliyin ön plana çəkilməsi, onların seçəcəyi ixtisasların perspektivliyinin öncədən aşılanması, o cümlədən peşə yönümlü ixtisasların məktəb şagirləri arasında təbliğ edilməsi və həmin ixtisaslar üçün praktiki fəaliyyətə cəlb olunaraq onların qərarvermə prosesində rollarını bilavasitə artırmaqdır.
Layihə çərçivəsində təhsil və maarifçilik xarakterli tədbirlərin keçirilməsi nəzərdə tutulur. Əsas hədəf qrupu olan 8-9-10-cu siniflər üçün: ilkin işə müraciət etmə, məşğulluq bölmələri və uğurlu kariyera üçün düzgün ixtisas və peşəseçmə mövzularını özündə əks etdirən təlimlər həyata keçiriləcək. Təlimlərdən sonra əməkdaşlıq ediləcək peşə ixtisas məktəblərindən dəvət ediləcək xüsusi müəllim-ekspert tərəfindən peşə məktəblərində tədris edilən və öyrədilən ixtisaslar haqqında müəllimlər, valideynlər və şagirdlər üçün maarifləndirici görüşlər həyata keçiriləcəkdir.
Nəticə etibarı ilə şagirdlər təlimlərin sonunda – öz ixtisas və peşələrini sərbəst şəkildə seçmə qabiliyyətinə malik olacaqlar.
Layihənin ümumi icra müddəti 3 aydır və layihə çərçivəsində işlər 15 noyabrda başa çatacaq.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.