Fransız dili müəllimlərinin iştirakı ilə konfrans keçirilib.

Tarix: 14.09.2018
Paylaş:

14 sentyabr 2018-ci il tarixində Qazax rayon A.Əmilov adına Daş Salahlı kənd 1 saylı tam orta məktəbdə Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsində fərdi kateqoriya üzrə qalib olmuş həmin məktəbin fransız dili müəllimi Söylü Xəlilovanın “Fransız dili müəllimlərinin regional forumu” adlı layihəsi çərçivəsində yekun konfrans keçirilib.

Layihənin əsas məqsədi Fransız dilinin tədrisində interaktiv metodlardan istifadə etməklə yeni təlim texnologiyalarını tətbiq etməkdir.

Qazax , Ağstafa və Tovuz rayonlarını fransız dili müəllimlərinin iştirak etdiyi tədbirdə fransız dilinin tədrisində istifadə olunan interaktiv metodlardan istifadə etməklə yeni təlim texnologiyalarının tətbiqi ilə bağlı bilgilər verilmişdir.

Layihə rəhbəri Söylü Xəlilova qeyd etmişdir ki, bir sıra xüsusiyyətləri ilə ənənəvi təlim metodlarından fərqlənən yeni qaydalar bütövlükdə təhsilin inkişafına xidmət edəcəkdir. Fransız dili müəllimləri layihənin əhəmiyyətini yüksək qiymətləndirmiş , ingilis dili ilə rəqabətdə fransız dilinin öyrənilməsi və öyrədilməsində bu layihənin fransız dili müəllimləri ücün bir stimul yaratdığını qeyd etmişlər. Tədbirdə layihənin fəaliyyəti dövründə istifadə olunan yeni texnologiyalar haqqında müzakirələr davam etmişdir. Konfransda Qazax, Ağstafa, Tovuz rayon təhsil şöbələrinin məsul işciləri də dəvət almışlar. Konfransın sonunda  layihə iştirakçısı olan müəllimlərə sertifikatlar verilib.

Layihədə Qazax , Ağstafa və Tovuz rayonlarının fransız dili müəllimləri iştirak edir. Artıq layihə çərçivəsində hər rayonda 6 təlim olmaqla 18 təlim keçirilib. Təlimlərdə region fransız dili müəllimləri fransız dilinin tədrisində istifadə olunan yeni üsul və texnikalardan praktik şəkildə istifadə etmiş, fransız dilinin  tədrisində istifadə olunan yeni təlim texnologiyaları haqqında müzakirələr aparmış, iyul, avqust və sentyabr aylarinda müvafiq olaraq Qazax şəhər 4 saylı tam orta məktəbdə, Tovuz rayon Azaflı kənd tam orta məktəbdə, Ağstafa şəhər 3 saylı tam orta məktəbdə təlimlərdə iştirak etmişlər.

Layihə rəhbəri:  Söylü Xəlilova  Qazax rayon A.Əmilov adına Daş Salahlı kənd 1 saylı tam orta məktəbin fransız dili müəllimi

Layihənin icra  müddəti  20 iyun 2018-ci il – 20 sentyabr 2018-ci il tarixlərini əhatə edir.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.