Tələbələr qış düşərgəsində

Tarix: 04.02.2022
Paylaş:

Riyaziyyat üzrə analiz qabiliyyəti olan tələbələr müxtəlif layihələrə cəlb ediləcək

Fevralın 5-dən Quba rayonunda təşkil edilən tələbələrin qış düşərgəsi (Winter bootcamp) fəaliyyətə başlayır. Artıq düşərgənin sakinləri də məlum olub. Onlar 31 nəfərdir. Gənclərin bir həftəlik kamp macərası sabah Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) təşkil etdiyi avtobusun yola çıxmasıyla start götürəcək.

Riyaziyyatçılar düşərgəsi

Düşərgənin təşkilinin təşəbbüsçüsü Təhsil Nazirliyi, icraçısı Təhsil İnstitutudur. İnstitutun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Tural Alışov “Azərbaycan müəllimi” qəzetinə bildirib ki, bu layihə ilə tələbələr arasında canlanma yaratmaq niyyətindədirlər: “Tələbələr arasında ali riyaziyyata marağı artırmağa çalışırıq. Riyaziyyatın yeni texnologiyalar və süni intellekt sahəsində tətbiqinə dair məlumatların verilməsi və qış tətili dövründə tələbələrin riyazi biliklərinin gücləndirilməsi düşərgənin təşkilində əsas məqsədlərdəndir. Layihədən əsas gözləntimiz odur ki, riyaziyyat sahəsi üzrə yüksək elmi biliklərə malik, analiz qabiliyyəti olan tələbələri aşkar edək, onlarla müxtəlif layihələrdə sıx əməkdaşlıq quraq. Hesab edirik ki, bu layihə Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə layihəsi olaraq tələbələr arasında canlanmaya səbəb olacaq”.

Düşərgəyə seçim yekunlaşdı

Düşərgə sakinlərinə gəlincə, onlar əvvəlcədən də elan olunduğu kimi, ali təhsil müəssisələrinin riyaziyyat və texniki ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələri, həmçinin magistratura səviyyəsi üzrə təhsil alanlar arasından seçilib. Seçim 2 seansda təşkil edilən imtahan yolu ilə aparılıb. Baza biliklərinin yoxlanılması məqsədilə təşkil olunan imtahan yanvarın 29-da S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında keçirilib.Tələbələr ali riyaziyyat bölməsindən “Riyazi analiz”, “Cəbr və ədədlər nəzəriyyəsi” fənləri üzrə 28 qapalı, 2 açıq suala cavab veriblər və bu imtahanlara qatılan 320 nəfərdən 31 nəfər ən yüksək nəticə ilə fərqlənib. Maraqlıdır ki, fərqlənən riyaziyyatçılar arasında çoxu – 16 nəfəri qızdır.

Qalib tələbələr, əsasən, Bakı Dövlət Universitetinin (BDU), Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) və Bakı Mühəndislik Universitetinin (BMU) tələbələridir.

Düşərgə iştirakçısı olmaq uğrunda təşkil edilən bilik yarışına çağırış ilk növbədə Təhsil Nazirliyi və Təhsil İnstitutunun sosial media hesablarından həyata keçirilib. T.Alışovun sözlərinə görə, universitetlərdə, SABAH qruplarında məlumatlar paylaşılıb, universitetlərin rəsmi şəxsləri məlumatlandırılıb, “Kod Academy” layihəsinin iştirakçılarına ayrıca məlumat verilib: “Hər halda ilk dəfə olduğuna görə təbliğat işini ürəyimizcə qura bilmədik. Bu istiqaməti növbəti layihələrimizdə təkmilləşdirəcəyik. Buna baxmayaraq, hesab edirik ki, riyaziyyatçı gənclərin böyük əksəriyyətinə səsimizi çatdıra bilmişik”.

T.Alışov deyib ki, düşərgənin təşkil olunacağını bilsələr də, iştirak imkanı olmayanlar da var: “İmtahanları yubanıb kamp vaxtına düşənlər oldu. Məsələn, Gəncə Dövlət Universitetinin riyaziyyatçıları sırf bu səbəbdən imtahanlara qatılmadılar”.

Düşərgə çərçivəsində 15 təcrübəli müəllim tələbələrə təlimlər keçəcək, müxtəlif sahələrdə çalışan riyaziyyatçılar tələbələrlə söhbət aparacaqlar. Riyaziyyata sırf elmi yanaşma, riyaziyyatın sənaye ilə əlaqələrindən danışacaqlar. Nəzərdə tutulan 24 təlimdən sonra qiymətləndirmə aparılacaq.

T.Alışovun sözlərinə görə, tələbələr düşərgədə, sadəcə riyazi təhlillər aparmayacaq, riyaziyyat müəllimi olmayan tanınmış şəxslərlə birlikdə riyaziyyatın həyatla əlaqəsini müzakirə edəcəklər. Məsələn, keçmiş olimpiadaçılardan olan və hazırda böyük bir şirkət direktoru Azad Namazov onlara riyaziyyatla sənaye arasındakı əlaqədən, Təhsil Nazirliyində Lisey və gimnaziyalar üzrə sektor müdiri Fuad Qarayev riyaziyyat üzrə olimpiada hərəkatından,  Təhsil İnstitutunun direktoru Rüfət Əzizov dizayn təfəkküründən danışacaqlar. İştirakçıların əylənərək öyrənməsi və asudə vaxtın səmərəli təşkili məqsədilə düşərgədə müxtəlif idman və bilik yarışları təşkil olunacaq.

T.Alışov deyib ki, həftə ərzində keçirilmiş 24 təlim və təlimlərin yekunu olaraq aparılan qiymətləndirmə elmi istiqamətdə olacaq. Keçiriləcək test imtahanının nəticələrinə uyğun olaraq, ilk 3 yeri qazanan iştirakçıya qiymətli hədiyyələr və sertifikat, bütün iştirakçılara isə sertifikat təqdim olunacaq.

Bir sözlə, “Qış düşərgəsi”nin iştirakçıları əyləncəli, hərəkətli, rəngli bir həftə yaşayacaq, ən önəmlisi, “Niyə riyaziyyatı öyrənək” sualına cavab tapacaq. 

Ruhiyyə Daşsalahlı.