IV sınıf müəllimləri üçün təlimlər başa çatıb

Tarix: 11.12.2017
Paylaş:

“Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “IV siniflərdə dərs deyən əsas müəllimlər üçün təlimlər” layihəsi çərçivəsində keçirilən təlimlər başa çatıb.

IV sinifdə dərs deyən əsas müəllimlər üçün nəzərdə tutulmuş təlimlərdə DQ-də Ağcabədi rayonu üzrə ibtidai sinif müəllimləri arasında ixtisasdan 25-bala kimi nəticə göstərmiş, hal-hazırda IV sinifdə ana dili və riyaziyyat fənnini tədris edən 76 müəllimdən 72 nəfəri iştirak edib. Təlimlər 2 mərkəzdə: Ağcabədi şəhər M.F.Axundov adına  3 saylı məktəb-liseydə və X.Həsənov adına Hindarx qəsəbə 2 saylı ümumi orta məktəbdə təşkil olunub. Təlim rayon üzrə DQ-də ən yüksək nəticə göstərmş və təlimçilər üçün olan təlimdən müsbət rəy almış ibtidai sinif müəllimləri  tərəfindən  keçirilib.

Təlimlərin sonunda 10 sual ana dili və 10 sual riyaziyyat fənnindən olmaqla (açıq və qapalı tipli) test tapşırıqları ilə tərtib olunmuş yekun qiymətləndirmə vərəqindən istifadə etməklə qiymətləndirmə  aparılıb.

Yekun olaraq təlimin təşkili ilə bağlı müəllimlərlə söhbətlər aparılıb. Müəllimlər təlimi yüksək qiymətləndirdiklərini qeyd ediblər və bu kimi təlimlərin tez-tez təşkil olunmasını vurğulayıblar.

Layihənin əsas məqsədi Ağcabədi rayonu üzrə təlimçi müəllimlər  qrupu formalaşdırmaq, IV sinifdə dərs deyən əsas  müəllimlərin ixtisas və metodik  səviyyəsini yüksəltməkdən ibarətdir.

2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin Ağcabədi rayon üzrə qalibi  Ağcabədi rayon Hindarx qəsəbə 1 saylı tam orta məktəbin İnformatika müəllimi Dəyanət Fərzəliyevin rəhbərlik etdiyi layihənin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.