“Fiziki qüsurlu istedadlı məktəblilərin I Ümumrespublika Forumu” layihəsi çərçivəsində növbəti görüş baş tutub.

Tarix: 11.12.2017
Paylaş:

11 dekabrda Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi”nin ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalibi olan “Fiziki qüsurlu istedadlı məktəblilərin I Ümumrespublika Forumu” layihəsi çərçivəsində növbəti görüş keçirilib.

Görüşdə sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum istedadlı şagirdlərin, yaradıcılıq qabiliyyəti olan yeniyetmə və gənclərin istedadının üzə çıxarılması üçün mütəmadi olaraq belə layihələrin həyata keçirilməsinə diqqət yönəldilməsi ilə bağlı söhbət aparılıb, layihə ilə əlaqəli iştirakçılara ətraflı məlumat verilib. Tədbirdə rəssam Bahar xanımın və psixoloq Ramilə xanımın iştirakı ilə mövzu ətrafında geniş müzakirələr aparılıb.

Layihə çərçivəsində görüləcək növbəti iş kimi layihənin yekun bağlanış mərasimində iştirak edəcək sağlamlıq imkanları məhdud yeniyetmə və gənclər sərgi ilə əlaqədar təlimatlandırması və onlarla birgə Forumun bağlanış mərasiminə hazırlıq işlərinin görülməsi nəzərdə tutulub.

“Fiziki qüsurlu istedadlı məktəblilərin I Ümumrespublika Forumu” layihəsinin əsas məqsədi sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum olan xüsusi istedadlı və yaradıcılıq qabiliyyətli yeniyetmə və gənclərin cəmiyyətə inteqrasiyası və onların ictimai həyatdan uzaqlaşmasının qarşısının alınmasıdır.

Bakı şəhəri Xətai rayonu Tahir Bağırov adına 59 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Kəmalə Şıxlinskayanın rəhbərliyi ilə ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalib olmuş layihənin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla, ümumilikdə 120 layihə qalib elan edilib.