“Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin ümumi təhsil müəssisələri kateqoriyası üzrə Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseyin qalib olmuş “Fizika, riyaziyyat və informatika fənni üzrə istedadlı şagirdlərin üzə çıxarılması və onlarla mütamadi işin təşkili”layihəsi çərçivəsində fənn müsabiqəsinin final mərhələsi keçirilib.
9 dekabrda keçirilən final mərhələsi Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseydə baş tutub. Müsabiqədə fizika, riyaziyyat və informatika fənləri üzrə ümumilikdə 479 nəfər şagird iştirak edib. İmtahanın gedişinə 2 saat yarım vaxt ayrılıb.
Qeyd edək ki, Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseyin qalib layihə çərçivəsində Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərində təhsil alan istedadlı şagirdlərin üzə çıxarılması məqsədilə elan etdiyi fənn müsabiqəsinin birinci mərhələsi 11 noyabrda başa çatıb. Birinci mərhələdə 6 000-ə yaxın şagird iştirak edib və onlardan, təxminən, 500 nəfəri final mərhələsində iştirak etmək hüququ qazanıb.
Fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılmasıdır.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.