“Məktəblərarası əlaqə” layihəsi çərçivəsində açıq dərslər keçirilib.

Tarix: 29.11.2017
Paylaş:

Noyabrın 29-da Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olan “Məktəblərarası əlaqə” layihəsi çərçivəsində açıq dərslər keçirilib.

Layihə çərçivəsində Saatlı rayonu Dədə Qorqud kənd tam orta məktəbində Azərbaycan dili və riyaziyyat fənləri üzrə açıq dərslər keçirilib. Müəllimlərin iştirakı ilə keçən açıq dərslərdə ilk əvvəl Dədə Qorqud kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Səbinə İsgəndərova 5 A sinfinə “Lüğətlər, sözün leksik və qrammatik mənası ” mövzusunda  açıq dərs təşkil edib. İlk növbədə motivasiya quran müəllimə şagirdlərə yönəldici suallar verib. Sonra isə şagirdlərə verilən sözlərdən izahlı lüğət tərtib etmək tapşırılıb. 4 qrupa bölünən şagirdlərə işlər təqdim olunub. Qruplardakı şagirdlər fəallıqla öz işlərini yerinə yetirib və dərsin mərhələlərinə uyğun sonda qrup qiymətləndirilməsi həyata keçirilib.

Növbəti açıq dərs isə riyaziyyat fənnindən təşkil olunub. Dədə Qoqud kənd tam orta məktəbinin riyaziyyat müəllimi Rəşad Nəbiyev müəllimlərin iştirakı ilə 6 A sinfinə “Tənasüb” mövzusunda açıq dərs təşkil etdi. Dərsdə şagirdlər əyani vəsaitlərlə təmin olunub. Proyektor vasitəsi ilə şagirdlər tapşırıqlarla daha asan tanış ola biliblər. Proyektor vasitəsilə və yönəldici suallarla şagirdlər motivasiya edilib. 3 qrupa bölünən şagirdlərə işlər təqdim olunub. Sonra isə hər bir şagird fərdi işə cəlb olunub. Şagirdlərə Tənasübün doğru olub olmadığını yoxlamaq, Tənasübün əsas xassələri , orta həddlərinin yerini dəyişmək kimi tapşırıqlar verilib. Sonda qrup və fərdi qiymətləndirmə həyata keçirilib.
Açıq dərslərin keçirilməsində məqsəd şagirdlərin bacarıqlarının daha da yüksəldilməsi, müəllim həmkaraların açıq dərsin təşkili qaydaları barədə bir-biri ilə öz təcrübələrini bölüşməsinə imkan yaratmaq olub.

Dədə Qorqud kənd tam orta məktəbinin tarix müəllimi Kamran Nəsirovun rəhbərliyi ilə həyata keçirilən layihənin əsas məqsədi Saatlı rayonunda fəaliyyət göstərən məktəblər arasında əməkdaşlığı və valideynlərlə məktəblər arasında əlaqələri inkişaf etdirmək, multikultural tədbirlər keçirmək, şagirdlərin buraxılış imtahanlarına hazırlanmasını təmin etməkdir. Layihənin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla, ümumilikdə 120 layihə qalib elan edilib.