Məktəb psixoloqları üçün seminar keçirilib

Tarix: 27.11.2017
Paylaş:

25-27 noyabr tarixlərində Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olan “Məktəb psixoloqlarının praktik biliklərinin artırılması və tətbiqi istiqamətində maarifləndirmə işinin təşkili” layihəsi çərçivəsində növbəti seminar baş tutub.

Seminarda 26 nəfər Ucar rayonu orta məktəb psixoloqları iştirak edib. Ümumi məlumatlandırma ilə başlayan seminarda iştirakçılara məlumat kitabçalaarı və bukletlər paylanılıb. Sonra proqram üzrə mövzular ətrafında geniş müzakirələr aparılıb.

Layihənin qarşıya qoyduğu məqsədlərdən biri məktəb daxilində şagirdlərdən ibarət “Psixoloq klub”unun yaradılması və aylıq Psixologiya qəzetiin buraxılmasıdır.  Seminarın gedişində qrup çalışması zamanı bu məqsədlə bağlı fəaliyyət planı işlənilib, yeni fikirlər dinlənilib.

Seminarın 3-cü günü Ucar şəhər 3 saylı orta məktəbdə 15-ə yaxın valideyn və şagirdlərlə praktiki hissə keçirilib, valideynlərə psixoloqun kim olması, valideynlərin nə zaman psixoloqa müraciət edə bilmələri ilə baglı geniş məlumatlar verilib.

Seminarin əsas məqsədlərindən biri  region psixoloqlarının qarşılaşdıqları problemlər zamanı  bir-biriləri ilə yardımlaşma imkanının yaradılmasıdır.

Bakı şəhəri 38 saylı tam orta məktəbin psixoloqu Jalə Məmmədovanın rəhbərliyi ilə həyata keçirilən layihənin əsas məqsədi region psixoloqlarının praktik bacarıqların artırılmasına dəstək olmaqdır. Layihənin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla, ümumilikdə 120 layihə qalib elan edilib.