“Fiziki qüsurlu istedadlı məktəblilərin I Ümumrespublika Forumu” layihəsi çərçivəsində silsilə tədbirlər davam edir.

Tarix: 24.11.2017
Paylaş:

Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi”nin ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalibi olan “Fiziki qüsurlu istedadlı məktəblilərin I Ümumrespublika Forumu” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

“Ümid yeri” uşaq sığınacaq mərkəzində təşkil edilən tədbirdə uşaq evlərində yaşayan uşaqların əl işlərindən ibarət sərgi nümayiş olunub.   

Bundan əlavə, tədbir zamanı “Ümid yeri” uşaq sığınacaq mərkəzindəki istedadlı uşaqlar müəyyənləşdirilib və onlara layihə istiqamətində görəcəkləri işlər barəsində tapşırıqlar verilib. İstedadlı uşaqların bacarıqlarını inkişaf etdirmək üçün təlimlərin davam etdirilməsi nəzərdə tutulur.

“Fiziki qüsurlu istedadlı məktəblilərin I Ümumrespublika Forumu” layihəsinin əsas məqsədi sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum olan xüsusi istedadlı və yaradıcılıq qabiliyyətli yeniyetmə və gənclərin cəmiyyətə inteqrasiyası və onların ictimai həyatdan uzaqlaşmasının qarşısının alınmasıdır.

Bakı şəhəri Xətai rayonu Tahir Bağırov adına 59 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Kəmalə Şıxlinskayanın rəhbərliyi ilə ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalib olmuş layihənin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla, ümumilikdə 120 layihə qalib elan edilib.