“Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “IV siniflərdə dərs deyən əsas müəllimlər üçün təlimlər” layihəsinin 3-cü mərhələsinin icrasına başlanılıb.
16 noyabrda 3-cü mərhələ çərçivəsində DQ-də Ağcabədi rayonu üzrə ibtidai sinif müəllimləri arasında ixtisasdan 25 bala kimi nəticə göstərmiş və hazırda IV sinifdə ana dili və riyaziyyat fənnini tədris edən 76 müəllim üçün təlimlər keçirilib.
Təlimlər 3 qrup olmaqla 2 mərkəzdə, Ağcabədi şəhər M. F. Axundov adına 3 saylı məktəb-liseydə və X. Həsənov adına Hindarx qəsəbə 2 saylı ümumi orta məktəbdə baş tutub. Qeyd edək ki, təlimlər rayon üzrə DQ-də ən yüksək nəticə göstərmş və təlimçilər üçün olan təlimdən müsbət rəy almış ibtidai sinif müəllimləri tərəfindən keçirilib.
Layihənin əsas məqsədi Ağcabədi rayonu üzrə təlimçi müəllimlər qrupu formalaşdırmaq, IV sinifdə dərs deyən əsas müəllimlərin ixtisas və metodik səviyyəsini yüksəltməkdən ibarətdir.
2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin Ağcabədi rayon üzrə qalibi Ağcabədi rayon Hindarx qəsəbə 1 saylı tam orta məktəbin İnformatika müəllimi Dəyanət Fərzəliyevin rəhbərlik etdiyi layihənin icra müddəti 3 aydır.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.