“Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalibi olmuş “Fizika, riyaziyyat və informatika fənni üzrə beynəlxalq olimpiada hazırlıq qruplarının yaradılması və onlarla mütəmadi işin təşkili” və “Kimya və biologiya fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq qruplarının yaradılması və onlarla mütəmadi işin təşkili” layihələri çərçivəsində müsabiqələrin I mərhələsi başa çatıb.
11 noyabrda Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin VI və VII sinif şagirdləri arasında keçirilən fənn müsabiqəqlərinin ilk mərhələsinə Bakı şəhəri üzrə 8623 şagird qatılıb. Onlardan 3654 nəfəri riyaziyyat, 1036 nəfəri kimya, 1303 nəfəri fizika, 1628 nəfəri biologiya, 1002 nəfəri isə informatika fənni üzrə müsabiqədə iştirak edib.
Müsabiqədə VI sinif şagirdləri riyaziyyat fənni, VII sinif şagirdləri isə digər fənlər üzrə biliklərini nümayiş etdiriblər.
Fənn müsabiqələrinin ilk mərhələsi paytaxt üzrə 9 mərkəzdə (18, 26, 114, 138, 139, 211, 220, 271, 276 nömrəli tam orta məktəblər) təşkil edilib.
Fənn müsabiqələrinin ilkin mərhələsində şagirdlərə fənlər üzrə müsabiqə tarixinədək keçdikləri məktəb proqramına uyğun tapşırıqlarla yanaşı, məntiqi təfəkkürü, analiz qabiliyyətini və qeyri-standart düşünməni tələb edən suallar təqdim edilib. 50 sualın cavablandırılması üçün şagirdlərə 2 saat vaxt verilib.
İki mərhələdən ibarət olan fənn müsabiqələrinin II mərhələsinin dekabr ayında keçirilməsi planlaşdırılır.
Fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılmasıdır.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.