Qubada “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi”nin fərdi kateqoriyalar üzrə qalibi olmuş “Məktəb könüllüləri” layihəsinin icrasına başlanılıb.
Layihəsinin əsas məqsədi şagirdlərin ictimai aktivliyinin artırılması, elmi və məlumatlılıq səviyyəsinin yüksəldilməsi üçün qeyri-formal təhsil metodlarının təşkili yolu ilə maraqlı və effektiv öyrənmənin təmin edilməsi, şagirdlərdə liderlik, natiqlik, layihələrin hazırlanması, könüllülük üzrə ilkin vərdişlərin formalaşdırılması və daha sonra əldə etdikləri biliklər haqqında layihə hazırlayıb idarəetmə bacarıqlarının inkişafına nail olmaqdır.
Layihə Quba rayonunun Talabıqışlaq və Qaraçay kəndlərində VIII, IX və X sinif şagirdlərini əhatə edir. Layihə çərçivəsində xüsusi motivasiyası üzrə hər sinifdən seçilmiş 5 nəfər, ümumilikdə hər məktəbdə 15 nəfər şagirdə liderlik, natiqlik, könüllülük, layihə təklifinin hazırlanması və idarə edilməsi, komanda işi və ünsiyyət strategiyaları mövzularında təlimlər keçirilməsi nəzərdə tutulub.
Artıq layihə çərçivəsində Quba rayonu Talabıqışlaq kənd tam orta məktəbində ilk seçim turu keçirilib. Seçim turunda 45 nəfər VIII-X sinif şagirdi iştirak edib və xüsusi motivasiyası ilə seçilən 15 nəfər təlimlərə cəlb edilib.
Növbəti həftədən təlimlərə start verilməsi nəzərdə tutulub.
Nərgiz Mahmudovanın fərdi kateqoriyada qalib olmuş layihəsinin icra müddəti 3 aydır.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla, ümumilikdə 120 layihə qalib elan edilib.