Noyabrın 7-də Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasında “Azərbaycanın elektron ali təhsil məkanı – məhdudiyyətlər, imkanlar və perspektivlər” mövzusunda birinci simpozium keçirilib.
Simpozium öz işinə Azərbaycan Respublikası Təhsil Nazirliyi və ali təhsil müəssisələri rektorlarının plenar iclası ilə başlayıb.
Ölkədə elektron təhsilin inkişaf etdirilməsi, bu sahədə təhsil müəssisələri arasında təcrübə paylaşımı məqsədi daşıyan simpozium iki hissədən ibarət olub. Birinci hissədə iştirakçılara “Elektron təhsil”, “İdman Akademiyasının elektron təhsildə təcrübəsi”, “ADA Universitetinin elektron Tələbə Məlumat Sisteminin qurulmasında təcrübəsi” və “Universitetlər onlayn məkanda – MOOC, Açıq Universitetlər və Onlayn Proqramlar” kimi mövzularda çıxışlar təqdim olunub. Simpoziumun ikinci hissəsi “Tədris yönümlü effektiv video dərslərin yaradılması”, “Öz onlayn kursunu yarat”, “Müasir təhsil ünsiyyəti”, “Onlayn kurslar vasitəsilə ingilis dilinin tədrisi”, “Təhsil müəssisəsinin avtomatlaşdırılması konsepsiyası” və “Akademik Yazı kursunun onlayn təşkili” mövzularında xüsusi təqdimatlarla keçirilən təlim sessiyası ilə davam etdirilib.
Tədbirdə ölkənin ali təhsil müəssisələrinin rektorları, elektron təhsil sahəsində müvafiq təcrübəyə malik şirkət və qurumların nümayəndələri, bu sahədə fəaliyyət göstərən yerli və xarici ekspertlər, müəllim və tələbələr iştirak ediblər. Bununla yanaşı simpoziumda Təhsil İnstitutunun baş mütəxəssisi Aytac Paşayeva “Onlayn təhsil proqramları və açıq universitetlər” haqqında təqdimatla çıxış edib.
Qeyd edək ki, tədbir çərçivəsində Elektron təhsil sahəsində təcrübəsi olan şirkət və startuplar ilə tanışlıq da gerçəkləşib. Simpoziumun sonunda Azərbaycan Elektron Universitetləri Assosiasiyasının yaradılması məsələsi müzakirəyə çıxarılıb. Bu assosiasiyanın gələcəkdə bənzər tədbirlər təşkil etməsi, universitetlərə təcrübə və problemləri bölüşmək, öz online kurslarını və e-resurslarını yaratmaları üçün vahid platformaya çevrilməsi ilə bağlı fikirlər səsləndirilib. Təklif simpozium iştirakçıları tərəfindən müsbət qarşılanıb.