Olimpiada məşğələlərində iştirak edən şagirdlər üçün sınaq imtahanı keçirilib

Tarix: 04.11.2017
Paylaş:

Xaçmazda “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Respublika fənn olimpiadalarına hazırlıq məqsədilə riyaziyyat fənni üzrə olimpiada məşğələlərinin təşkil olunması” layihəsi çərçivəsində məşğələlər davam etdirilir.

4 noyabrda məşğələlərdə iştirak edən şagirdlər üçün ilk sınaq imtahanı keçirilib. Layihədə nəzərdə tutulduğu kimi sınaq imtahanının nəticələrinə görə şagirdlərlə görüş keçiriləcək. Məşğələləri tədris edən müəllimlə nəticələr müzakirə olunacaq.

Layihənin məqsədi Xaçmaz rayonu üzrə VI və VII sinif şagirdləri arasından riyaziyyat fənninə marağı olan istedadlı şagirdlərin seçilərək olimpiada hazırlıq məşğələlərinə cəlb olunması və nəticədə Xaçmaz rayonu üzrə fənn olimpiadalarına hazırlıq məqsədilə baza təşkil olunmasından ibarətdir.

Qeyd edək ki, seçim turu 14 oktyabrda baş tutan layihə üzrə məşğələlərə 16 oktyabrdan etibarən başlanılıb. Hazırda həftədə 2 dəfə olmaqla olimpiada məşğələləri davam etdirilir.

Arzuman Əliyevin rəhbərliyi ilə fərdi kateqoriyada qalib olmuş layihə 22 dekabrda öz işini başa çatdıracaq.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.