31 oktyabrda “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Şagirdlərə maddi-mədəniyyət abidələrinin tanıdılması, adət-ənənələrin öyrədilməsi və tədrisdə tətbiqinin səmərəliliyinin artırılması üzrə işlərin təşkili” layihəsi təqdimatı mərasimi olub.
Bakı şəhəri Xətai rayonu 165 nömrəli tam orta məktəbdə baş tutan təqdimat mərasimində məktəbin müəllimlər və şagirdlər iştirak ediblər. Layihə rəhbəri, məktəbin tarix müəllimi Ülviyyə Mikayılova layihə haqqında işttirakçılara məlumat verərək qeyd edib ki, layihənin məqsədi sinifdənxaric və məktəbdənkənar tədbirlərdən istifadə etməklə şagirdlərə maddi-mədəniyyət abidələrinin, adət-ənənələrin, milli-mənəvi dəyərlərin daha mükəmməl şəkildə öyrədilməsinə, bu istiqamətdə səmərəli nəticələr əldə olunmasına nail olmaqdır. O əlavə edib ki, layihənin icrası nəticəsində şagirdlərin Azərbaycanın maddi-mədəniyyət abidələri, adət-ənənələri barədə məlumatları genişlənəcək; şagirdlərdə ümumən maddi-mədəniyyət abidələrinə, adət-ənənələrə yanaşmada, münasibətdə yeni düşüncə tərzinin yaranmasına yol açılacaq. Eləcə də layihə çərçivəsində şagirdlərin əldə etdikləri məlumatlar dərs prosesinin daha səmərəli keçməsinə, tədrisin keyfiyyətinin yüksəlməsinə şərait yaradacaq. Milli-mənəvi dəyərlər, adət-ənənələr haqqında əldə olunan geniş məlumatlar şagirdlərin mənəvi inkişafına, onların şəxsiyyət kimi formalaşmasına, vətəndaş mövqeyinin yaranmasına də təkan verəcək.
Təqdimat mərasimində layihə çərçivəsində ötən 1 ay ərzində görülmüş işlər və görülməsi nəzərdə tutulan iişlər barəsində də məlumatı verilib. Görülmüş və görüləcək işlər müəllim və şagirdlərin marağına səbəb olub. Çıxış edən müəllimlər Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilən bu müsabiqənin əhəmiyyəti xüsusi qeyd edərək, tədrisin keyfiyyətinin yüksəldilməsində, şagirdlərin vətəndaş kimi formalaşmasında müstəsna rol oynayacağını vurğulayıblar.
Ülviyyə Mikayılovanın rəhbərliyi ilə fərdi kateqoriyada qalib olmuş layihənin icra müddəti 3 aydır.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdi. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.