Ümumi təhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqənin II mərhələsi keçirilib.
Oktyabrın 28-də S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında Təhsil Nazirliyinin birbaşa tabeliyində olan və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqənin ikinci mərhələsi keçirilib.
Bu mərhələdə elektron qeydiyyatdan keçərək müvafiq tələblərə uyğun gələn namizədlərə 30 test tapşırığı təqdim olunmaqla, onların məntiqi düşüncə bacarıqları qiymətləndirilib.
Ümumilikdə 265 nəfər şəxsin iştirak etdiyi imtahanın nəticəsi ilə bağlı məlumatlar 1 həftə ərzində namizədlərə bildiriləcək. Müsabiqənin ikinci mərhələsindən müvəffəqiyyətlə keçənlər III mərhələdə – müsahibədə iştirak etmək hüququ qazanacaqlar.
Qeyd edək ki, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbi, lisey və gimnaziyada işləyən direktorlar, direktor müavinləri və müəllimlər üçün keçirilən müsabiqənin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd olan, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək ümumi təhsil müəssisəsi direktorlarını təkmilləşdirmək və yetişdirməkdir.