Ağsuda “Bizə qoşul və xilas et!” layihəsi çərçivəsində növbəti təlim keçirilib

Tarix: 21.10.2017
Paylaş:

20 oktyabrda Ağsuda “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriyada qalibi olmuş “Bizə qoşul və xilas et!” layihəsi çərçivəsində növbəti təlim keçirilib.

Ağsu rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri üçün təşkil edilmiş təlimin mövzusu erkən evliliyin fəsadları ilə bağlı maarifləndirmə olub. Qeyd edilib ki, son illərdə ölkəmizin  həyata keçirdiyi uğurlu təhsil siyasətinin əsas hədəflərindən biri də məktəblilərin sağlam və bacarıqlı böyüməsinin təmin edilməsidir, lakin bu gün əksər bölgələrdə rast gəlinən erkən nikah həm azyaşlı ananın, həm də uşağın hüquqlarını kobud şəkildə pozur. Belə ki, erkən yaşda ana olan qızlar uşaqlıq dünyasından məhrum edilir, onların sağlamlıqları pozulur, arzuları oğurlanır, təhsildən uzaqlaşır və nəticədə Konstitusiyamızla müəyyən edilən təhsil almaq hüququndan məhrum edilirlər. Erkən evlilik probleminin həllinin insanların maarifləndirilməsindən asılı olduğunu vurğulayan təlimçi Elnarə Qasımova 3 ay müddətində Ağsu rayonunun bir neçə ümumtəhsil məktəbinin şagirdləri arasında reallaşdırılacaq layihənin əhəmiyyəti, mərhələləri və keçirilmə şərtləri haqqında ətraflı məlumat verib, iştirakçıların suallarını cavablandırıb. Bundan başqa, iştirakçılara layihə şərtlərini özündə əks etdirən təlimat materialları paylanılıb.

Layihənin məqsədi Ağsu rayonununda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin bir-biri ilə, eləcə də ictimai birliklərlə əməkdaşlığına nail olmaq, həmin əməkdaşlıq çərçivəsində erkən evliliyin bioloji fəsadlarını öyrənərək müzakirə etmək və problemi diqqət mərkəzində saxlamaqla bu bəşəri bəla ilə mübarizə yollarını məktəblilərə öyrətməkdən ibarətdir. Məqsədlər sırasına, həmçinin, Ağsunun ən qabaqcıl müəllimlərinin bir araya toplanması, bəşəri bəla olan “Erkən evliliyin bioloji fəsadları” mövzusunda disputların, seminarların və dərslərin təşkili, “Erkən evliliyin fəsadları” adlı bukletin hazırlanması və çap edilərək Ağsu rayon məktəblərinin müəllimləri və yuxarı sinif şagirdləri arasında yayılması daxildir.

Ziba Məmmədovanın rəhbərliyi ilə fərdi kateqoriyada qalib olmuş layihənin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.