“SABAH.lab” Akselerasiya Mərkəzi ən böyük yerli startap və innovasiyalar tədbiri olan “Baku ID” tədbirini keçirəcək

Tarix: 13.07.2022
Paylaş:

18 iyul tarixində “SABAH.lab” Akselerasiya Mərkəzi Kapital Bank-ın baş sponsorluğu ilə ən böyük yerli startap və innovasiyalar tədbiri olan “Baku ID” tədbirini keçirəcək.
 
Tədbirin əsas məqsədi həm ən güclü yerli startap layihələri ekosistemin tanınmış yerli və beynəlxalq investorları, ekspertləri və mentorlarına təqdim etmək və innovasiyalar ekosisteminin gələcəyini bu ekosistemə töhvə verən hər kəslə müzakirə etməkdir. Bu tədbir ərzində yerli startaplar investorlar qarşısında çıxış edərək investisiya almaq şansı əldə edəcək və investorlar ilkin mərhələdə startaplara yatırım edə biləcəklər. Həmçinin iştirak edən qonaqlar beynəlxalq startap şəbəkəsi ilə yaxından tanış ola biləcəklər. 

Tədbir təşkilatçısı olan “SABAH.lab” Akselerasiya Mərkəzi 2021-ci ildən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyi və ARTİ-nin təşəbbüsü ilə yaradılıb və fəaliyyət göstərir. Mərkəzin bir digər tərəfdaşı da Avropanın ən nüfuzlu biznes məktəbi olan IE Biznes Məktəbidir.

“SABAH.lab” bugünə kimi 2 akselerasiya proqramı olan “Yarat” və “Sürət” proqramlarını icra edib. Hər 2 proqramda toplam 21 rezident komanda iştirak edir. Tədbirin baş sponsoru Kapital Bankla yanaşı, həmçinin British Petrolium, Qala Sığorta və Qala Həyatdır.

“Baku ID” tədbirində “SABAH.lab”ın 21 rezident komandası çıxış edəcək. Onların arasında təhsil, tibb, moda, İnsan Resusrları texnologiyaları, e-Ticarət, NFT və Blokçeyn texnologiyaları, İnfluenser Marketinq platforması və digər sferalardan startaplar mövcuddur. Bu startapların 10-u 6 aylıq “Yarat”, qalan 11-i isə 3 aylıq “Sürət” proqramından uğurla məzun olacaqlar. 

Onu da qeyd edək ki, proqramlarımız Avropanın sahibkarlıq təhsili üzrə lideri olan IE Biznes Məktəbi və ABŞ-da fəaliyyət göstərən vençur kapital fondu olan Starta VC -nin dəstəyi ilə həyata keçib. 

21 Aprel 2022-ci ildə “SABAH.lab” tərəfindən təşkil olunan “Demo Day” tədbirindən sonra 21 rezidentin 18-i “SABAH.lab” tərəfindən təmin edilən 25.000 AZN investisiyanı əldə edib.

Hal-hazırda rezidentlər Vençur Kapital fondlarından və şəxsi investorlardan investisiya əldə etmək imkanı axtarışındadırlar. Baku ID tədbiri məhz bu imkanı əldə etmək fürsəti təqdim edir.