ARTİ və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Şəkidə baş tutan Beynəlxalq Qiymətləndirmə Düşərgəsinə 29 iyun tarixində yekun vurulub.
3 gün ərzində davam edən düşərgədə əsas məqsəd təhsil işçilərinin, xüsusilə müəllimlərin beynəlxalq qiymətləndirmə tədqiqatları barədə məlumatlılığını artırmaq, təhsildə qərarların verilməsində, təhsil siyasətinin formalaşmasında qiymətləndirmə tədqiqatlarının vacibliyini vurğulamaq, qiymətləndirmə siyasətinin təkmilləşdirilməsində müəllimlərin iştirakını təmin etməkdən ibarət olub.
Düşərgədə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində eləcə də digər bölgələrdə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 30 müəllimi iştirak edib. Beynəlxalq Qiymətləndirmə Düşərgəsində müəllimlər müxtəlif araşdırma və müzakirələrə cəlb olunmaqla PISA, PIRLS, TIMSS, ICILS yönümlü mətn və tapşırıqların hazırlanması metodikaları ilə tanış olub. Əlavə olaraq, düşərgə iştirakçıları müvafiq səriştələri ölçməyə imkan verən tapşırıq nümunələri hazırlayıb və konstruktiv rəylər əsasında həmin tapşırıq nümunələrini inkişaf etdirmək imkanı əldə ediblər.
Günün sonunda iştirakçılar onlayn sorğu vasitəsilə düşərgə barədə rəy və təkliflərini bölüşüb.
Sonda iştirakçılar sertifikatla təltif olunub. Bənzər beynəlxalq qiymətləndirmə düşərgələrinin digər bölgələrdə də keçirilməsi nəzərdə tutulur.