ARTİ MDPİM tərəfindən 23 sentyabr tarixində keçirilən “Refleksiv müəllim” seminarının iştirakçıları musiqi fənnini tədris edən müəllimlər olub.
Seminarda Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin musiqi müəllimi Azadə Ağayeva 3-cü sinif dərsliyində olan “Sadə musiqi formaları” mövzusu üzrə dərs icmalı təqdim edib.
Seminarın formatına uyğun olaraq təqdimatçı ilk 15 dəqiqə ərzində dərsin mərhələləri, onun inteqrasiyası, standartların reallaşdırılması prosesindən, qiymətləndirmə meyarları və tapşırıqlardan bəhs edib. Sonra iştirakçılar dərsin uğurlu tərəflərini sadalayıb, irad və təkliflərini bildiriblər. Dərs zamanı təqdim olunan iş üsulları, onların fənnin xarakterinə uyğunluğu, iş vərəqlərinin hazırlanması, həmçinin müəllim üçün metodik vəsait ilə dərsliyin əlaqələndirilməsi məsələləri ətrafında müzakirələr aparıldıqdan sonra ümumi razılıq əsasında icmal üzərində təkmilləşdirmə işi aparılıb.
Qeyd edək ki, yeni tədris ilindən MDPİM tərəfindən metodik dəstək göstərilən bütün məktəblərdə “Refleksiv müəllim” layihəsi üzrə mütəmadi olaraq ayrı-ayrı fənlərlə bağlı seminarlar keçirilir.