22 sentyabr tarixində ARTİ-də Bakı məktəblərindən fizika, kimya, biologiya, coğrafiya və həyat bilgisi fənnini tədris edən müəllimlər və ibtidai sinif müəllimlərinin iştirakı ilə Həyat bilgisi üzrə yeni məzmun standartlarının müzakirəsinə dair görüş keçirilib. Görüşdə ARTİ-nin Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov giriş sözü ilə çıxış edərək bu istiqamətdə görülmüş işlərdən danışıb. Daha sonra təkmilləşdirmə prosesində iştirak etmiş mütəxəssislərdən Elşad Yunusov Həyat bilgisi fənn kurikulumunda edilmiş məzmun dəyişiklikləri barədə geniş məlumat verib və müzakirəni açıq elan edib.
Müzakirə zamanı müəllimlər məzmun standartlarının konkretləşməsini, təkrarlanmaların aradan qaldırılmasını, şagirdlərin yaş səviyyəsinin diqqətə alınmasını, təbiət elmləri üzrə anlayışların sadə formada şagirdlərə tədrisini və digər müsbət dəyişiklikləri tədqirəlayiq hesab edib, yenilənmiş kurikulumun həm dərslik müəllifləri, həm də müəllimlər üçün effektiv bələdçi olacağını vurğulayıblar.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2020-ci il 29 sentyabr tarixli 361 nömrəli qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” sənədinə istinad edərək, Azərbaycan Respublikasının Təhsil İnstitutunun mütəxəssisləri təbiət elmləri üzrə fənn kurikulumlarını təkmilləşdirməyə başlayıb. Bu prosesdə Sinqapurun Alston Təhsil şirkəti ilə əməkdaşlıq edilir və görülən işlərdən biri də Həyat bilgisi fənn kurikulumunun yenilənməsidir. Belə ki, artıq Həyat bilgisi üzrə məzmun standartlarının ilkin variantı hazırlanıb və müzakirəyə təqdim olunub.