“Kibertəhlükəsizlik” təlim layihəsinin bağlanış mərasimi keçirilib

Tarix: 09.09.2022
Paylaş:

8 sentyabr 2022-ci il tarixində ARTİ-nin Təhsil Texnologiyaları Mərkəzində “Kibertəhlükəsizlik” təlim layihəsinin bağlanış mərasimi keçirilib.

Tədbirdə nazir müavini Firudin Qurbanov çıxış edərək layihənin təhsilə olan töhfəsindən danışıb. O, kibertəhlükəsizlik sahəsində istifadəçilərin maarifləndirilməsinin təmin edilməsinin vacibliyini vurğulayıb. F. Qurbanov qeyd edib ki, tələbələrin belə təlim layihələrində iştirakı onların günümüzün və gələcəyin aktual peşə sahələrinə yönləndirilməsini təşviq edir. 

ARTİ-nin direktoru Rüfət Əzizov tədbir iştirakçılarını salamlayaraq tədbirin məqsədi haqqında ətraflı məlumat verib. O, rəqəmsallaşmanın geniş vüsət aldığı dövrdə ölkəmizdə və  dünyada kiberhücumlarla bağlı problemlərin artdığını və kibertəhlükəsizlik sahəsində görülən işlərin getdikcə daha böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Təlimçi Miraqşin Abutalıbov layihənin tarixçəsindən bəhs edərək yeniliklərdən söz açıb. O həmçinin qeyd edib ki, bu sahədə mütəxəssislərin yetişdirilməsi müvafiq qlobal şirkətlərin ölkəmizə axınını sürətləndirir.

Qeyd edək ki, “Kibertəhlükəsizlik” təlim layihəsinə 6 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən start verilib. Təlim layihəsinin məqsədi universitetlərin müvafiq və əlaqəli istiqamətlər üzrə təhsil alan tələbələrinə kibertəhlükəsizliyin texnoloji aspektlərini nəzəri və praktiki cəhətdən öyrətmək idi. Təlim müddətində kibertəhlükəsizlik üzrə hüquqi və etik məsələlər, bu sahədə praktiki təcrübə üçün tələb olunan əsas biliklər, o cümlədən, komanda xəttindən istifadə, kompüter şəbəkəsinin əsasları və veb texnologiyasının əsasları, kəşfiyyat və istismar da daxil olmaqla, hakerlik addımları, kriptoqrafiya, sistemlərin təhlükəsiz dizaynı və əməliyyat sistemlərinin sərtləşdirilməsi kimi mövzular dərindən öyrənilməsi qarşıda duran məqsədlərdən idi. 

Yekunda Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov və Oksford Universitetinin tələbəsi, eyni zamanda layihə təlimçisi Miraqşin Abutalıbov tərəfindən təlim iştirakçılarına sertifikat təqdim edilib.

Tədbirdə Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov, ARTİ-nin direktoru Rüfət Əzizov, AKTA-nın sədri Rahid Ələkbərli, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, layihə təlimçiləri Pərvin Sadıqova və Miraqşin Abutalıbov, layihə iştirakçıları, ARTİ əməkdaşları və digər qonaqlar iştirak ediblər.