Məktəblərə inkişaf planları (MİP) təqdim edilib

Tarix: 29.04.2022
Paylaş:

ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzinin əməkdaşları tərəfindən Bakı şəhəri üzrə metodik dəstək göstərilən 38, 75, 154, 227 və 301 nömrəli orta məktəblərə inkişaf planları (MİP) təqdim edilib.

Metodik dəstəyin göstərilməsi və məktəbin inkişaf planının hazırlanması müddətində qeyd edilən məktəblərdə 2022-ci ilin yanvar ayından etibarən ARTİ-nin MDPİM əməkdaşları ilə məktəblərin pedaqoji heyəti  arasında görüşlər keçirilib. Mərkəzin əməkdaşları adıçəkilən məktəblərdə dərsdinləmələr təşkil edib, müxtəlif təlim və seminarlar keçiriblər, həmçinin məktəb direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, psixoloq, kitabxanaçı və bir sıra müəllimlərlə fərdi söhbətlər aparıblar və MİP-də reallaşdırılması mümkün olan fəaliyyətlər  üzrə təklifləri müzakirə ediblər. Eyni zamanda, adları qeyd olunan məktəblərin hər birinə ARTİ-nin MDPİM əməkdaşları arasından məktəb və mərkəz əməkdaşlığını idarə etmək üçün kuratorlar təyin edilib.  

Nəzərinizə çatdıraq ki, Məktəbin İnkişaf Planı TKTA-nın inspeksiya hesabatı əsasında hazırlanır. Hesabata əsasən məktəblərə metodik dəstəyin göstərilməsi, həmçinin Məktəbin İnkişaf Planının (MİP) hazırlanması nəzərdə tutulur.

MİP-də nəzərdə tutulan strategiyalar 3 tədris ili üzrə qruplaşdırılır:  

1. 2022-2023-cü tədris ili üzrə planlaşdırılan inkişaf istiqamətləri:  

  1. müəllimlərin və məktəb rəhbərliyinin peşəkar inkişafı;  
  2. məktəbin idarə olunması.  

2. 2023-2024-cü tədris ili üzrə planlaşdırılan inkişaf istiqamətləri:  

  1. dəstəkləyici mühit;  
  2. fənnin tədrisi ilə bağlı komponentlərin tətbiqi.  

 3. 2024-2025-ci tədris ili üzrə planlaşdırılan inkişaf istiqamətləri:  

      a) şagird nailiyyəti  

Onu da bildirək ki, yaxın günlərdə metodik dəstək göstərilən daha 5 orta məktəbə inkişaf planları təqdim olunacaq.