24 oktyabr 2022-ci il tarixində Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ARTİ tərəfindən tehsilim.edu.az sərbəst öyrənmə portalında yer alan tədqiqat, biznes və innovasiyalarla bağlı 5 e-kurs istifadəyə verilib.
Sözügedən e-kurslara Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və ARTİ tərəfindən həyata keçirilən “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanan “Elmi işlərin yazılması və nəşri”, “Tədqiqat metodologiyası, təcrübələr və layihələr”, “Verilənlərin toplanması, təhlili və idarə edilməsi”, “Əqli mülkiyyət hüquqlarının prinsipləri, texnoloji transfer və kommersiyalaşdırma” və “Sahibkarlıq təhsili və startap” kursları daxildir.
12-23 oktyabr 2022-ci il tarixlərində e-kurslara qeydiyyat aparılıb. E-kursların tədrisi tehsilim.edu.az sərbəst öyrənmə portalı vasitəsi ilə onlayn və asinxron formatda əvvəlcədən hazırlanmış modullar əsasında aparılır. Qeydiyyatdan keçmiş şəxslərə elektron öyrənmə prosesində dəstək olmaq məqsədi ilə hər bir e-kurs üçün müvafiq olaraq tyutor təyin olunub.
Hər bir e-kursa qeydiyyatdan keçən tələbələrin sayı aşağıdakı kimidir:
Tədqiqat metodologiyası, təcrübə və layihələr – 300 nəfər
Sahibkarlıq təhsili və startaplar – 386 nəfər
Elmi işlərin yazılması və nəşri – 347 nəfər
Verilənlərin toplanması, təhlili və idarə edilməsi – 224 nəfər
Əqli mülkiyyət hüquqlarının prinsipləri, texnoloji transfer və kommersiyalaşdırma – 123 nəfər
Sözügedən e-kursların cari ilin dekabr ayının sonunadək yekunlaşdırılması nəzərdə tutulur. E-kursları müvəffəqiyyətlə bitirən şəxslərə ARTİ tərəfindən sertifikat təqdim olunacaq.