20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar ARTİ-də anım tədbiri keçirilib

Tarix: 19.01.2023
Paylaş:

20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar 19 yanvar 2023-cü il tarixində Azərbaycan Respubikasının Təhsil İnstitutunda anım tədbiri keçirilmişdir. Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Azərbaycan Respubikasının Təhsil İnstitutunun direktoru Rüfət Əzizov giriş nitqi ilə çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş 20 yanvar hadisəsinin tarixi faktları barədə məlumat vermişdir.

Sonra ARTİ-nin Təhsilin tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, professor İntiqam Cəbrayılov “20 Yanvar faciəsi-tariximizin qəhrəmanlıq səhifəsi” mövzusunda məruzə etmişdir. O, çıxışında Sovet İttifaqında siyasi vəziyyəti; ermənilərin Azərbaycana qarşı ərazi iddiaları; Qərbi Azərbaycanda soydaşlarımıza qarşı soyqırım, deportasiya və Ümummilli Lider Heydər Əliyevin 20 Yanvar faciəsi ilə bağlı prinsipial mövqeyindən bəhs etmişdir.  

Daha sonra Psixologiya və xüsusi təhsil şöbəsinin müdiri, professor Elxan Bəylərov “20 yanvar hadisəsi mənəvi-psixoloji aspektlər” mövzusunda məruzə etmişdir. O, çıxışında hadisəni şərtləndirən durumların, onun gedişinin və nəticələrinin əsas psixoloji səciyyəsindən bəhs etmiş və çıxarılacaq nəticələr barədə məlumat vermişdir.

 Milli azadlıq və müstəqillik uğrunda qəhrəmanlıq dastanı olan 20 Yanvar şəhidləri qəhramanlıq salnaməsi və hər bir azərbaycanlının qürur mənbəyidir. 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək. Faciə şəhidlərinin əziz xatirəsi isə Azərbaycan xalqı tərəfindən daim yad ediləcək.