ARTİ MDPİM tərəfindən “Refleksiv müəllim” layihəsi üzrə təşkil edilən seminarlar davam edir.
17 yanvar tarixində 173 nömrəli, 18 yanvar tarixində isə 24 nömrəli tam orta məktəblərdə seminarlar təşkil edilib.
173 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Səadət Qəhrəmanova VII sinif dərsliyində olan “Qoşma” mövzusunda icmal təqdim edib. İcmal əsasında təlim məqsədinin müəyyənləşdirilməsi, qrup işlərinin qiymətləndirilməsi, səviyyələr üzrə rubriklərin hazırlanması, tədqiqatın aparılması məsələləri müzakirə edilib.
24 nömrəli məktəbin ibtidai sinif müəllimi Səbinə Həsənovanın təqdim etdiyi icmal isə I sinif dərsliyində olan “İrəli və geri sayma” mövzusu üzrə olub. Seminar zamanı şagirdlərin yaş və bilik səviyyəsinə uyğun sualların tərtibi, dərsdə istifadə olunan iş üsulları və formaları, resurslardan istifadə, qrup tapşırıqlarının qiymətləndirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.
Hər iki seminar zamanı ümumi razılıq əsasında icmal üzərində təkmilləşdirmə işi aparılıb.