Haqqımızda

Azərbaycan Respublikasının Təhsil İnstitutu

Azərbaycan Respublikasının Təhsil Institutu Azərbaycan Respublikası Prezidentinin 14 noyabr 2016-cı il tarixli 1107 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun bazasında yaradılmışdır. İnstitut təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etməklə, fasiləsiz fundamental və tətbiqi tədqiqatlar həyata keçirən, təhsilin bütün pillələri üçün məzmun hazırlayan, təhsil sistemində tədris-metodiki ehtiyacların müəyyənləşdirilməsi və ödənilməsi sahəsini, təhsil innovasiyalarının tədqiqi, yaradılması və tətbiqi ilə bağlı nəzəri, praktiki məsələləri araşdıran elmi-tədqiqat müəssisəsidir. Təhsil İnstitutu öz işini aşağıdakı istiqamətlərdə tənzimləyir:

  • təhsilin nəzəri və təcrübi məsələləri ilə bağlı, o cümlədən, təhsil siyasəti üzrə prioritetlərin müəyyənləşdirilməsi və strateji planlaşdırma istiqamətləri üzrə tədqiqatların aparılması;
  • təhsil müəssisələrində keyfiyyət göstəricilərinin artırılması, o cümlədən, təhsil imkanlarının genişləndirilməsi və təhsilalanlar üçün bərabər imkanların yaradılması məqsədilə tədqiqatların aparılması;
  • elmi-pedaqoji tədqiqatlar və elmi-pedaqoji kadr hazırlığı;
  • müxtəlif təhsil pillələri üzrə təhsilin məzmun və qiymətləndirmə standartlarının, nümunəvi (variativ) kurikulumların və təhsilin keyfiyyət standartlarının hazırlanması;
  • müxtəlif təhsil müəssisələrində təhsilin inklüzivliyi, psixoloji xidmətin təşkil edilməsi, istedadlı uşaqlarla işin düzgün qurulması (o cümlədən, olimpiadalara hazırlıq) və tədris resurslarından istifadə sahəsində metodik tövsiyələrin hazırlanması;
  • elektron təhsilin inkişafı və elektron məzmunun hazırlanması;
  • milli və beynəlxalq qiymətləndirmə tədqiqatlarının həyata keçirilməsi;
  • təhsilin normativ-hüquqi bazasına aid sənədlərin hazırlanması;
  • təhsilin bütün pillə və səviyyələri ilə bağlı pedaqoji savadlılığı həyata keçirmək məqsədilə nəşriyyat, çap (metodik vəsait, metodik tövsiyə və s.) və maarifləndirmə (konfrans, seminar, dəyirmi masa, müzakirə, təlim kursları və s.) işlərinin aparılması.