Mətndə müəllif məqsədi nədir?

Tarix: 23.01.2023
Paylaş:

Hər bir mətnin yazılması müəllifin ritorik mövqeyini müəyyənləşdirməsindən başlayır. Ritorik mövqeyi müəyyənləşdirmək aşağıdakı suallara cavab verməkdir:

          Mən nə haqqında yazıram?

          Mətni yazmaqda məqsədim nədir?

          Yazdığım mətni kimlər oxuyacaq?

          Fikirlərimi necə və hansı formada təqdim etməliyəm?

Birinci sualın cavablandırılması mətnin mövzusunu müəyyənləşdirir. Mətndə müəllif məqsədi isə mətnin yazılmasının səbəbidir.  Müəllifin ritorik hədəfini – oxucu auditoriyasını seçməsi mətnin üslubunu və janrını da müəyyənləşdirməyə kömək edir.

Mətn bir və ya bir neçə məqsədlə yazıla bilər. Mətnin məqsədləri çox müxtəlif ola bilər: əldə edilmiş məlumatları müəyyən auditoriyalara çatdırmaq, hər hansı məsələyə diqqət cəlb etmək, öz ideya və emosiyalarını bölüşmək, hər hansı bir fenomenə münasibət formalaşdırmaq, oxucunu əyləndirmək, təəccübləndirmək, hər hansı fəaliyyətlə bağlı hesabat vermək və s. Mütəxəssislər tərəfindən mətnin, adətən, üç əsas məqsədi müəyyənləşdirilir: inandırmaq, əyləndirmək, məlumatlandırmaq. Müəllifin məqsədi mətnin tipini də müəyyənləşdirir:

1. Müəllif oxucunu əyləndirmək, empatiya qurmaq, ekspressiv təsir göstərmək üçün hadisə və ya əhvalatı nəql etməklə nəqli mətn yazır;

2. Oxucunu obyektlə tanış edərək və hiss-həyəcanını bölüşərək dəyərləndirmə məqsədilə təsviri mətn yazır.

3. Oxucunu öz ideyasına inandırmaq və hərəkətə gətirmək üçün mühakimə xarakterli mətn yazır.

4. Məlumatlandırmaq, öyrətmək məqsədilə informativ və ya izahedici mətndən istifadə edir.

Göründüyü kimi, müəllifin məqsədi mətnin tipini də müəyyənləşdirir və yaxud mətnin tipinə görə müəllifin məqsədini müəyyən edə bilirik.

Hər bir mətnin praktik olaraq daxili məqsədi olduğu kimi, praqmatik məqsədi də olur. Məsələn, dissertasiyanın daxili məqsədi müəllifin müstəqil və orijinal yanaşmaları nəticəsində əldə edilmiş yeni biliklərdən bəhs etməkdirsə də, elmi dərəcənin alınması kimi praqmatik məqsədə malikdir. Eləcə də publisistik və bədii mətnlər tam səmimiyyətlə dünyanın yaxşılaşdırılması kimi daxili məqsədlə yazılmasına baxmayaraq, çox zaman praqmatik məqsəd də izləyir.

Müəllifin məqsədi mətnin tonunda öz əksini tapır. Məsələn, əgər onun məqsədi əyləndirməkdirsə, öz yazısında lətifə və ya zarafatlardan istifadə edir.

Müəllif məqsədinə birtərəfli yanaşma kimi baxmaq olmaz. Müəllifin və oxucunun qarşılıqlı ünsiyyətinin məqsədi əqli mülkiyyətin yaranması ilə bağlı qərarların verilməsini şərtləndirir (məsələn, nə yazmaq və ya danışmaq, kimə qulaq asmaq, hansı mediadan istifadə etmək, hansı şəraitdə oxumaq və s.). Başqa sözlə, mətnin  məqsədi məhz müəllifin və ictimaiyyətin ünsiyyət məqamında əldə etmək istədikləri ilə müəyyənləşir.

Oxu prosesində məqədin rolu

Mütəxəssislərə görə, ümumi təhsil səviyyəsində fəaliyyətlər, əsasən, məlumatlandırmaq və inandırmaq məqsədi daşıyan mətnlər üzərində aparıldığı üçün belə bir cədvəl təqdim edirik. Lakin nəzərə almaq lazımdır ki, məqsədləri təsvir edən sözləri bunlarla məhdudlaşdırmaq olmaz:

 

Məlumatlandırıcı

İnandırıcı

Məlumat vermək

Razılaşdırmaq

Təsvir etmək

 

İnandırmaq

 

    Müəyyənləşdirmək

Təsir göstərmək

Nəzərdən keçirmək

Müzakirə etmək

Xəbərdar etmək

 

Tövsiyə vermək

Təlimatlandırmaq

 

Dəyişdirmək

Məsləhət vermək

 

Təsdiqləmək

Elan etmək

 

Həvəsləndirmək

Izah etmək

 

Müdafiə etmək

Nümayiş etdirmək

 

Haqq qazandırmaq

Diqqətini cəlb etmək

 

Dəstəkləmək

 

Münasibət

Müəllifin predmetə və ya mövzuya münasibəti onun məqsədi ilə əlaqəlidir və ritorikanın çox vaxt diqqətdənkənar qalan elementidir. Müəllifin münasibəti çox vaxt nitqin necə davam etməsinə təsir göstərir. Düşünün: müəllif mövzuya ciddi deyil, yüngül yanaşır; komedik deyil, dramatik süjet qurur; həyəcanlı deyil, sakit ünsiyyət qurur. Müəllifin öz mətnində bu münasibətlərdən hər hansı birini nümayiş etdirməsi onun məqsədindən asılıdır. Müəllif predmetə ironik yanaşırsa, demək, problemə gülür; dramatik süjet qurursa, problemə diqqət çəkir; müəllif problemin həlli yollarını gördükdə həyəcan nümayiş etdirmir, problemi rahat təsvir edir, çıxış yollarını izah edir, maarifləndirir və i.a.

Müəlliflər kimi, oxucular da müxtəlif predmetlərin qiymətləndirilməsinə fərqli münasibət bəsləyirlər. Oxucunun mövzuya və ya predmetə münasibəti mətni oxuyarkən məlumatı necə qəbul etməsinə və faydalanmasına təsir göstərə bilər.

Mətnlərin müxtəlif tipləri və onların daşıdığı məqsədlər:

Nəqli mətnlərin məqsədi: hadisələri əlaqələndirib nəql etməklə oxucunu müəyyən bir məsələ ilə bağlı düşündürməkdir. Nəqli mətn müəllifin öz həyat hekayəsi, başqasnın həyat hadisəsi və ya təxəyyül məhsulu ola bilər.

Təsviri mətnlərin məqsədi:  insan, məkan, əşya və ya digər varlıqların təsvirini ehtiva edən mətnlər müzakirə olunan mövzunu anlamaq və dəyərləndirmək məqsədilə yazılır.

İzahedici mətnlərin məqsədi: faktları üzə çıxarmaq, əlaqələndirməklə oxucunu predmetin təhlili ilə tanış etməkdir.

Probleməsaslı mətnlər: problemi təqdim etmək və onun mümkün həlli yollarını göstərmək və oxucunu problemin həlli yollarını düşünməyə cəlb etməkdir.

Səbəb-nəticə əlaqəli mətnlərin məqsədi: problemli nəticənin səbəblərini araşdırmaq və onu izah etməkdir.

İnandırıcı mətnlərin məqsədi: oxucunu  müəllifin mövqeyini qəbul etmək üçün inandırmaq və onun tövsiyələrini, nəzər-nöqtəsini qəbul etməyə yönəltməkdir.

Arqumentativ mətnlərin məqsədi: arqumentləri müsbət və mənfi tərəfləri ilə təfərrüatlı müqayisə və təhlil edərək müəllifin arqumentlərini gücləndirməklə oxucunu öz mövqeyinə inandırmaqdır.

Müqayisəli  mətnlərin məqsədi: müxtəlif predmetlərin oxşar və fərqli xüsusiyyətlərini tədqiq etməkdir.

İnformativ mətnlərin məqsədi: oxucuları informasiyaların təqdim edilməsi yolu ilə məlumatlandırma və maarifləndirmədir.

Əyləndirici və yumoristik mətnlərin məqsədi: sadəcə, oxucunu əyləndirmək, güldürməkdir.

 

Könül Aydın Nəhmətova

Filologiya üzrə fəlsəfə doktoru

ARTİ MDPİM-in Əlavə təhsilin məzmunu şöbəsinin müdiri