ARTİ doktorantları üçün akademik tədqiqat təlimlərinə start verilib

Tarix: 15.04.2022
Paylaş:

ARTİ-nin doktorantları və tədqiqatyönümlü şöbələrinin əməkdaşlarının akademik tədqiqat haqqında bilik və bacarıqlarının artırılması məqsədilə “Optimal Solutions” MMC-nin təlim mərkəzi tərəfindən təlimlərin keçirilməsinə start verilib. Qeyd edək ki, layihə çərçivəsində təlimlər yekunlaşdıqdan sonra iştirakçıların tanınmış beynəlxalq jurnallarda nəşr olunmaq məqsədilə məqalələr yazması üçün mentorluq fəaliyyətinin göstərilməsi də nəzərdə tutulub. Layihənin əsas məqsədi isə Azərbaycanda təhsil sahəsində yüksək keyfiyyətli tədqiqatlarının artmasına nail olmaqdır.

Təlimlər ümumilikdə 20 nəfərdən ibarət 2 qrup üçün “Tədqiqat metodları”, “Akademik yazı” və “Statistik və analitik təhlil” modullarından ibarət olacaq. 

Qeyd edək ki, 4-13 aprel tarixlərində 1-ci qrup üçün baş tutan “Tədqiqat metodları” modulu artıq başa çatıb.

Təlimləri “Optimal Solutions” MMC-nin təlimçisi və eyni zamanda ADA Universitetinin baş müəllimi Lalə Cumayeva tədris edib. Sonda təlimləri uğurla bitirən şəxslərə sertifikat təqdim olunub.

Nəzərinizə çatdıraq ki, 2-ci qrup üçün “Tədqiqat metodları” modulu isə 18 aprel tarixində başlayacaq.