“Refleksiv müəllim” layihəsi üzrə 34 nömrəli, 290 nömrəli və 56 nömrəli tam orta məktəblərdə seminarlar təşkil edilib

Tarix: 10.02.2023
Paylaş:

ARTİ MDPİM tərəfindən keçirilən “Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir.

34 nömrəli tam orta məktəbdə təşkil edilən seminarda məktəbin ingilis dili müəllimi Gözəl Əliyeva VI sinif dərsliyində olan “Pets” mövzusunda icmal təqdim edib. İcmal əsasında dərsin planlaşdırılması, standartlar əsasında təlim məqsədinin müəyyənləşdirilməsi, tapşırıqların seçilməsi, fənlərarası inteqrasiya, resurslardan istifadə məsələləri müzakirə edilib.

290 nömrəli tam orta məktəbdə keçirilən seminarda riyaziyyat müəllimi Məlahət Ələkbərova icmal təqdim edib. Mövzu isə VII sinif dərsliyində olan “Üçbucağın daxili və xarici bucaqları. Üçbucağın daxili bucaqlarının cəmi haqqında teorem” olub. Seminar zamanı dərsdə istifadə olunan iş üsulları və formaları, qrup tapşırıqlarının hazırlanması, formativ qiymətləndirmə, refleksiya məsələləri ətrafında müzakirələr aparılıb.

56 nömrəli tam orta məktəbdə keçirilən növbəti seminar da riyaziyyat fənni üzrə olub. Məktəbin riyaziyyat müəllimi Natəvan Babayeva V sinif dərsliyində olan “Onluq kəsrlər üzərində əməllər” mövzusunda icmal təqdim edib. Seminarda şagirdlərin qruplara bölünməsi, qrup tapşırıqları zamanı şagirdlərin özlərini və bir-birlərini qiymətləndirməsi, qiymətləndirmə meyarları, standartın reallaşdırılması məsələləri, eləcə də müəllimin dərsdə istifadə etdiyi karusel metodu ilə bağlı müzakirələr aparılıb.

Hər üç seminar zamanı ümumi razılıq əsasında icmal üzərində təkmilləşdirmə işi aparılıb.