ARTİ və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 11 fevral 2023-cü il tarixində Lənkəran rayonunda qiymətləndirmə düşərgəsi həyata keçirilmişdir. Düşərgənin keçirilməsində əsas məqsəd 2022-ci ilin yay aylarında PISA, PIRLS, TIMSS, ICILS və TALIS yönümlü mətn və tapşırıqların hazırlanması istiqamətində təşkil edilmiş düşərgələrə cəlb olunan müəllimlərin qazandıqları bilik və bacarıqların real sinif mühitində tətbiqini dəyərləndirmək və qarşılaşdıqları əsas çətinlikləri müəyyən etməklə lazımi tövsiyələri vermək olmuşdur.
İştirakçılar ötən düşərgədə əldə etdikləri bilik və bacarıqları şagirdləri ilə tətbiq etmiş, qarşılaşdıqları problem və çətinlikləri həmkarları ilə paylaşaraq aradan qaldırılması yollarını müzakirə etmişlər. Daha sonra tapşırıqlar fərdi və ya qrup şəklində nümayiş etdirilmiş, hər bir tapşırığa müvafiq rəylər verilməklə dəyirmi masa ətrafında diskussiyalar aparılmışdır.
Sözügedən qiymətləndirmə düşərgəsi ilk dəfə yayda təşkil edilmişdir. Yay düşərgəsinə cəlb olunan iştirakçılar araşdırma və müzakirələrdə iştirak etməklə beynəlxalq qiymətləndirmə tədqiqatlarına uyğun mətn və tapşırıqların hazırlanması metodikaları ilə tanış olmuşlar. Onlar düşərgədə müvafiq səriştələri ölçməyə imkan verən tapşırıq nümunələri hazırlamış və ARTİ əməkdaşlarının verdiyi konstruktiv rəylər əsasında həmin tapşırıq nümunələrini inkişaf etdirmək imkanı əldə etmişlər.