Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar 24 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının Təhsil İnstitutunda anım tədbiri keçirilib.
İlk olaraq tədbirdə Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra İnstitutun direktoru Rüfət Əzizov giriş nitqi ilə çıxış edərək, XX əsrin faciəsi hesab olunan Xocalı soyqırımının acı nəticələrindən, dünya arenasında Xocalı soyqırımının tanınmasından, Ümummilli lider Heydər Əliyev və cənab İlham Əliyevin yürütdüyü siyasət, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilmiş irimiqyaslı tədbirlərdən bəhs edib.
Anım günü İnstitutun Təhsilin tarixi və nəzəriyyəsi şöbəsinin müdiri professor İntiqam Cəbrayılov və Metodik xidmət şöbəsinin müdiri Nigar Əhmədzadənin Xocalı soyqırımının 31-ci il dönümünə həsr olunmuş təqdimatları ilə davam edib.
Təqdimata ilk olaraq professor İntiqam Cəbrayılovun “Xocalı soyqırımı XX əsrin faciəsidir” adlı mövzusu ilə başlanılıb. O, çıxışında 1990-cı illərdə Azərbaycanda mövcud siyasi vəziyyət, erməni terrorçularının amansızlıqları, torpağını canı bahasına müdafiə edən qəhrəmanlar və Xocalı soyqırımının tanınmasında Azərbaycan xarici siyasətinin istiqamətləri haqqında məlumat verib.
Daha sonra tədbir Nigar Əhmədzadənin “Xocalıya gedən yol – qan yaddaşımız” adlı çıxış nitqi ilə davam edib. O, çıxışında müharibənin bəşəriyyətin ən pis xəstəliyi, soyqırımın isə sağalmayan yara olduğunu qeyd edərək, ermənilərin torpaq iddialarının qədim dövrlərə dayandığını, Xocalı faciəsinə gedən yolun baş verdiyi tarixi hadisələri şərh edərək, faciənin xronikası haqqında geniş məlumat verib.
Anım mərasimində Azərbaycan xalqı tərəfindən faciə qurbanlarının əziz xatirəsinin daim yad ediləcəyi vurğulanıb.